Hyundai Kona krossoveri bizim bazarda satılmır, lakin digər ölkələrdə bu model uğur qazanmağa müvəvvəq olub. Məsələn, keçən il Avropa bazarında 110 min belə krossover satılıb, daha 90 min krossover isə ABŞ-a göndərilib. Tezliklə Hyundai Kona modelinin yeni nəsli dünya bazarına çıxacaqdır: bu gün yeni avtomobilin ilk görüntüləri və onun haqqında bəzi təfərrüatlar dərc olunub.
Əvvəlki model kimi, yeni Kona da geniş çeşiddə təklif olunacaqdır: çeşidə benzin, hibrid və elektrik modifikasiyaları, üstəlik daha aqressiv dizayna malik olan N Line versiyası daxil ediləcəkdir. Ən güclü Kona N modeli modifikasiya çeşidində cəmi bir il yarım bundan əvvəl peyda olub, ona görə də hələlik onun əvəzlənməsindən söhbət belə getmir. Ancaq maraqlısı odur ki, Hyundai şirkəti baza dizaynının Kona Electric versiyası üçün hazırlandığını bildirir, digər versiyalar isə artıq elektrik versiyasının “ətrafında” yaradılıb.
Elektrik krossoveri ən "təmiz" görünüşə malikdir və burada piksel mövzusundan geniş şəkildə istifadə olunub. Onlardan ön barmaqlıq, arxa bamper və 19-düymlük təkər disklərində istifadə olunub və yalnız Electric versiyasının ön işıq zolağının mərkəzi hissəsi qırıq-qırıqdır. Digər modifikasiyalarda bu zolaq bütöv şəkildə işıqlandırılır. Benzin və hibrid mühərrikli Kona modellərinin təkər tağları qara rəngli plastik genişləndiricilərə malikdir, N Line versiyasında isə daha aqressiv bamperlər var.
Yeni Hyundai Kona nəzərəçarpacaq dərəcədə böyüyüb və kiçik Bayon modelindən uzaqlaşıb. Onun təkər bazası 60 millimetr, uzunluğu 150 millimetr, eni isə 25 millimetr artıb. Beləliklə, ikinci nəslin uzunluğu 4355 millimetr, eni isə 1825 millimetr olub. Təkər bazasının genişliyi 2660 millimetrdir. Bütün bunlar salonu daha geniş etməyə imkan verib, üstəlik, artıq ikinci sırada mərkəzi tunel yoxdur. Bu, benzin versiyasında hələ də tam ötürmənin tətbiq edilmədiyinin dolayı əlamətidir. Digər texniki detallar açıqlanmayıb.
Yeni Kona modelinin interyeri Hyundai Ioniq 5 elektromobilinin ruhunda hazırlanıb. Ön paneldə cihazlar panelinin və media sistemin vahid panel altında birləşdirilmiş iki 12,3-düymlük displeyi var, lakin klimat-kontrolun düyməli blokuna toxunulmayıb. Transmissiyanın selektoru isə, mərkəzi tuneldən sükan sütununa keçib. Təəssüf ki, sərəncamımızda olan bütün məlumatlar bunlardır. Qalan təfərrüatların yaxın zamanda açıqlanacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.