Hyundai şirkəti yığcam Kona krossoverini 2017-ci ilin iyun ayında təqdim edib. Kona krossoveri Hyundai markasının yüksək klirensli modelləri üçün hazırladığı yeni dizayn üslubunu nümayiş etdirən ilk avtomobil olub. Budur, təqdimatından üç keçdikdən sonra, Hyundai şirkəti yenilənmiş Kona modelini nümayiş etdirib. 2021-ci model ilinin Kona krossoveri yenilənmiş eksteryer və interyer dizaynına, yenidən nəzərdən keçirilmiş mühərrik çeşidinə və N-Line üslub dəstinə sahib olub.
Avtomobildə baş verən ən əhəmiyyətli dəyişikliklər onun eksteryerindədir: dizaynerlər avtomobilin ön və arxa hissəsinin dizaynına ciddi dəyişikliklər edərək, avtomobilin xarici görünüşünü tamamilə yeniləyiblər.
Kona modelinin bölünmüş fənərləri qorunub saxlanılsa da,krossover tamamilə yeni ön hissəyə malik olub – burada yeni radiator barmaqlığını, fənərləri, yenilənmiş gündüz hərəkət işıqlarını, yeni hava girişlərini, dəyişdirilmiş Hyundai loqosunu və digər yenilikləri görmək olar. Bənzər dəyişikliklər arxa hissədə də baş verib – krossover yeni tərtibata malik olan arxa fənərləri, yenilənmiş işıqlandırma elementlərini və dizaynı dəyişdirilmiş bamperi əldə edib.
N-Line paketi ilə təchiz edilmiş Kona modelini daha iri hava girişləri, kuzov rənginə boyanmış təkər tağları, diqqəti cəlb edən arxa diffüzoru, unikal 18-düymlük təkər diskləri, səsboğucu sistemin iki çıxış borusu sayəsində ayırd etmək mümükündür.
Loqo radiator barmaqlığında qalsa da, kapotun önündə avtomobilə idman görkəmi bəxş edən üç "kəsik" yerləşdirilib. N-Line dəsti istənilən mühərriklə təchiz edilmiş Kona modeli üçün əlçatandır, lakin 1,6-litrlik turbomühərriki və tam ötürməsi olan Kona N-Line modelini seçənlər "sükan mexanizminin spesifik tənzimləməsini" əldə edəcəkdirlər.
Kona N-Line modeli bu ilin əvvəlində Hyundai Elantra N-Line modelində debüt etmiş 1,6-litrlik turbomühərrik ilə təchiz edilir. Kona modelində quraşdırılan aqreqat 198 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edir və yalnız yeddi pilləli iki muftalı DCT “robotu” ilə tandemdə çalışır.
Bundan başqa, yenilənmiş krosoverin mühərrik çeşidinə ilə 48 voltluq şəbəkədən qidalanan startyor-generetor ilə təchiz edilmiş 1.6-litrlik dizel və 1.0-litrlik benzin mühərrikləri daxil edilibdir. 136 at qüvvəli dizel mühərriki yeddi pilləli DCT “robotu” və yaxud altı pilləli mexaniki ötürmələr qutusu, həmçinin tam ötürmə sistemi ilə təchiz edilə bilər. 120 at qüvvəli 1,0-litrlik aqreqat hibrid əlavə olmadan da təklif ediləcədir.
Avtomobilin salonunda dizaynı dəyişdirilmiş ön paneli, mərkəzi konsolu və elektron dayanacaq əyləcini görmək mümkündür. Bundan başqa, yenilənmiş Kona krossoveri yeni 10.25-düymlük rəqəmsal cihazlar panelinə və multimedia sisteminin opsional 10.25-düymlük ekranına sahib olub. Standart təchizata daxil olan ekranın ölçüsü 7 düymdən 8 düymə qədər artırılıb.
Yenilənmiş Hyundai Kona və Kona N Line modelləri Avropadakı diler salonlarında 2020-ci ilin sonunda nümayiş etdiriləcəkdirlər. Kona Hybrid modeli isə 2021-ci ilin əvvəlində satışa çıxacaqdır.Təəssüflər olsun ki, Kona modeli Azərbaycan bazarında təklif edilmir.