Ehtiyat hissələrinin və komplektləşdiricilərin çatdırılması üzrə ixtisaslaşan Hyundai Mobis şirkəti Las-Veqasda keçiriləcək CES (Consumer Electronics Show) sərgisində dördüncü və beşinci səviyyəli pilotsuz avtonom sistem ilə təchiz edilmiş pilotsuz nəqliyyat vasitəsinin interyer konseptini nümayiş etdirəcəkdir. Belə avtomobillərin salon xüsusiyyətlərindən biri rəqəmsal alın şüşəsi olmalıdır.
Hyundai Mobis şirkəti gələcək pilotsuz avtomobillərdə yüksək texnologiyalı alın şüşəsini quraşdırmağı təklif edir. Bu şüşə şəffaflıq dərəcəsini dəyişməklə yanaşı, filmlərə və yaxud digər əyləncəli kontentlərə baxmaq imkanı verən iri displeyə də çevriləcəkdir.
Rəqəmsal şüşə ilə yanaşı, pilotsuz Hyundai avtomobili jestlərlə idarəetmə sisteminə və emosiyaların tanınması texnologiyasına sahib olacaqdır. Sonuncu sistem emosional dəyişiklikləri aşkar edən kameralardan istifadə edəcəkdir. Əldə edilmiş məlumatların əsasında sistem salondakı ətraf mühiti dəyişəcək, həmçinin sizing vəziyyətiniz barədə yaxınlıqdakı pilotsuz nəqliyyat vasitələrinə xəbər verəcəkdir.