Hyundai şirkətinin premium subbrendi olan Genesis’in yeni rəhbəri, əvvəllər Lamborghini şirkətinin dizayn və inkişaf bölməsinin başçısı olmuş Manfred Fitcerald təyin edilib. 52 yaşlı alman mütəxəssis, 2016-cı ilin yanvar ayından Cənubi Koreya şirkətinin Seuldakı gərərgah-mənzilində, Genesis brendininı uzunmüddətli strategiyası və marketinq siyasətinin həyata keçirilməsi ilə məşğul olacaqdır. Fitcerald 12 il ərzində Lamborghini şirkətində çalışmış və 2011-ci ildə alman Loewe elektronika istehsalçısına qoşulmuşdur. Sonradan alman menecer özünün The Brand and Design Company konsaltinq şirkətini yaratmışdır.
Manfred Fitcerald Hyundai Motor Group’un cəlb etdiyi ilk yüksək səviyyəli alman mütəxəssisi deyil. Qrup 2006-cı ildə məşhur dizayner Piter Şrayeri öz sıralarına qata bilmişdir. Altı ildən sonra Şrayer artıq şirkətin prezidenti vəzifəsinə təyin edilir. Digər bir uğurlu əldəetmə, 2014-cü ildə BMW M GmbH şirkətinin baş konstruktoru olan Albert Birmannın qrupa cəlb edilməsi oldu. Yarım il sonra isə, Hyundai brendinin dizayn bölməsinin rəhbəri vəzifəsinə Bentley şirkətinin şef-dizayneri Lyuk Donkervolke təyin edildi. Göründüyü kimi Hyundai Motor Group öz texniki kadr potensialını güclü mütəxəssislər cəlb etməklə möhkəmləndirməyə davam edir.
Genesis subbrendi ilk dəfə noyabr ayında rəsmi şəkildə təqdim edilmişdir. Yeni brendin ilk nümayəndəsi Hyundai Equus modelini əvəz edəcək Genesis G90 avtomobilidir. 2020-ci ilə qədər yeni subbrend daha beş modeli təqdim etmək niyyətindədir. Genesis’in model xəttində iri və kompakt krossoverin, idman kupesinin və kompakt sedanın da olcağı bildirilir.