Hyundai şirkəti növbəti nəsil Veloster asimmetrik hetçbekinin yeni tizerini dərc edib. Cənubi Koreya istehsalçısının YouTube kanalındakı rəsmi səhifədə qoyulan videoçarxda təsvir edilən avtomobil tamamilə işıqdiodları ilə örtülübdür.
Videoçarxda avtomobilin profili və işıq texnikası aydın şəkildə görünür. Bununla belə, yeni nəsil Hyundai Veloster modelinin interyeri haqqında heç bir məlumat yoxdur. Bir müddət bundan öncə, koreyalı istehsalçı yeni avtomobilin rəngli kamuflyajla örtülmüş təsvirlərini yaymışdı. Hyundai Veloster hetçbekinin baza variantının 2,0-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Elantra modelində quraşdırılan bu aqreqat 162 at qüvvəsinə malikdir.
Hetçbekin Veloster Turbo modifikasiyası isə, 200 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə təchiz ediləcəkdir.
Turbohetçbek altı pilləli mexaniki və yaxud yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təklif ediləcəkdir. Hyundai Veloster modelinin “qaynar” N-variantı 275 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrikə sahib olacaqdır. Bu mühərrik hazırda Hyundai i30 N modelində quraşdırılır.
Hyundai Veloster modelinin birinci nəsli 2011-ci ildən istehsal edilir. Modelin əsas xüsusiyyəti assimetrik qapılara malik olmasıdır. Məlum olduğu kimi, avtomobil sürücü tərəfdən bir, sərnişin tərəfdən isə, iki qapıya malikdir.
Hetçbekin mühərrik çeşidinə 1,6-litrlik atmosfer və turbo mühərrikləri daxildir. Atmosfer mühərrik 130 və 140, turbomotor isə 186 və 204 at qüvvəsinə malikdir. Hetçbekin ən güclü variantı 100 km/saat həddinə 7,4 saniyəyə sürətlənir.