Hyundai şirkəti qeyri-adi üsulla yanacaq elementləri ilə çalışan krossoverin ekoloji təmizliyini nümayiş etdirib. Hyundai Nexo modelinin səsboğucu sisteminin çıxış borusuna şəffaf kisəni birləşdiriblər. Bu kisənin içində isə ispan üzgüçüsü Mireya Belmonte Qarsiya kardioməşqləri həyata keçirib. Nexo modeli sərbəst dövrələrdə işləyərkən idmançı qaçış zolağında məşq edib.
Qeyd etmək gərəkdir ki, 2016-cı ilin olimpiya çempionun sağlamlığına heç bir ziyan dəyməyib, çünki Hyundai Nexo modelinin güc qurğusu zəhərli qazları deyil, su buxarını ixrac edir. Krossoverin xüsusi hava təmizləyicisi 99,9 % zərərli qatqıları aradan götürməyə qadirdir. Bu səbəbdən Belmonte kisənin içində adi həyatda olduğundan daha təmiz hava ilə nəfəs alıb.
Hyundai şirkəti bu təcrübənin İspaniyanın nəzarət orqanlarının və həkimlərin iştirakı ilə aparıldığını bildirib. Cənubi Koreya istehsalçısının mütəxəssisləri belə sınaqları təkrar etməyi məsləhət görmürlər. Məsləhət yaxşı məsləhətdir, amma istəsək də bu sınağı həyata keçirə bilmərik. Səbəbi isə gün kimi aydındır – Hyundai Nexo bizim bazarda təklif edilmir və modelin peyda olması perspektivləri də sıfıra bərabərdir.