Hyundai şirkəti yeni nəsil Palisade modelinin dizaynını radikal şəkildə dəyişməyi planlaşdırır.Los Anceles avtosalonunda yerli KİV-lə müsahibə verən Hyundai şirkətinin məhsulların planlaşdırılması üzrə vitse-prezidenti Olabisi Boyl, böyük krossoverin görünüşündə əsaslı dəyişikliklərin baş verəcəyini bəyan edib. Palisade modelinin 2025-ci ilə qədər nəsil dəyişdirəcəyi gözlənilir. Təfərrüatlar sirr kimi qorunsa da, yeniliyin təkcə indiki modeldən deyil, həm də dizaynındakı köklü dəyişiklik baş vermiş yeni nəsil Santa Fe krossoverindən də fərqli dizayna malik olacağı bildirilib.

Boylun sözlərinə görə, ikinci nəsil Hyundai Palisade modeli "yeni səviyyəyə" qaldırılacaq. Hələlik, Cənubi Koreya brendinin dizaynerlərinin planlaşdırdığı dəyişiklikləri yalnız təxmin etmək olar, çünki yeni flaqmanın sınaqlarına start verilməyib. Daha əvvəl, prototiplərin sınaqlarının 2023-cü ilin sonuna qədər başlanacağı bildirilmişdi. Bununla belə, təqdimata çox var, çünki Palisade bu yaxınlarda - 2022-ci ilin yazında nəzərəçarpacaq dərəcədə yenilənmişdi.

Güc qurğularına gəldikdə isə, Boyl konkret məlumat verməyib, ancaq daxili yanma mühərrikləri ilə elektrik güc aqreqatları arasındakı "boşluğu dolduran" xəttə işarə edib. Bunlar “mülayim” və plagin hibrid qurğular, həmçinin daha səmərəli daxili yanma mühərrikləridir. İnsayderlərin məlumatına görə, Palisade ilk dəfə olaraq, Hyundai şirkətinin elektrikləşdirmə planlarına uyğun gələn benzin-elektrik variantını əldə etməlidir.

Boyl bir çox müzakirələrə səbəb olan Santa Fe krossoverinin dizaynına da münasibət bildirib. O, başlıca məqsədin həm mövcud olan müştəriləri məmnun etmək, həm də yeni müştəriləri cəlb etmək olduğunu qeyd edib. Tədqiqatlar kütlənin daha çox "bucaqlı" avtomobilləri sevdiyini müəyyən ediblər. Odur ki, koreyalılar Land Rover Defender ilə müqayisə edilən beşinci nəsil Santa Fe modelini belə üslubda hazırlayıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.