“The Drive” nəşrinin bildirdiyinə görə, artıq bir neçə aydır ki, Hyundai Palisade sahibləri salondan gələn xoşagəlməz qoxudan şikayət edirlər. Onlar bu qoxunu çürümüş qida və köhnə corab qoxusunun kəskin qarışığı kimi səcciyələndirirlər. Şirkət problemdən xəbərdar olsa da, hələ də qoxunun mənbəyini tapa bilməyib.
“The Drive” nəşrinin Hyundai nümayəndələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı "araşdırmalar apararaq həll yollarını axtarır”. Problemin mənbəyi aşkar edildikdən sonra, markanın dilerlərinə problemi aradan qaldırmaq üçün müvafiq göstərişlər veriləcəkdir. Versiyalardan birinə görə, qoxunun mənbəyi oturacaqların örtüyü ola bilər, çünki şikayətlərin əksər hissəsi açıq rəngli Nappa dərisi ilə üzlənmiş salonu olan avtomobillərin sahiblərdən gəlir.
Öz növbəsində, Cars.com portalı qoxunun mənbəyinin oturacağın arxasında və ya başlıqlarda olduğunu güman edib. Jurnalistlər başlıqları bir neçə günlük çıxararaq eksperimet keçiriblər, amma qoxu yenə də yox olmayıb. Soda məhlulu ilə oturacaqların dərisinin təmizlənməsi də kömək etməyib. Dezodorantdan istifadə isə, yalnız qısa müddətə qoxunun qarşısını almağa yardım edib.