Cənubi Koreyanın Hyundai şirkəti i20 N Line hetçbekinin ardınca i20 WRC ralli avtomobilindən ilham alınaraq yaradılmış i20 N “qaynar” hetçbekini təqdim edib. Yeni “qaynar” hetçbek Hyundai N xəttindən olan i30 N və i30 Fastback N modellərinə qoşulacaqdır.
Hyundai i20 N modelinin xarici görünüşü Sensuous Sportiness dizayn üslubundadır və markanın ralli irsinə işarə edir. “Qaynar” hetçbek adi Hyundai i20 modelindən daha aqressiv bamperləri, başqa radiator barmaqlığı və arxa optikası, damdakı spoyleri, qırmızı dekorativ zolaqları və 10 millimetr azalmış klirensi ilə fərqlənir.
“Qaynar” Hyundai i20 N modeli tutqun boz rəngli 18-düymlük təkər diskləri və N loqotipli əyləc supportları ilə təchiz olunur. Opsional qara tavanlı kuzovu altı rəngdən birinə boyana bilər: Performance Blue, Intense Blue, Polar White, Sleek Silver, Copper Brass və Phantom Black.
Hyundai 20 N modelinin qara interyeri firma Performance Blue mavi rəngində dekora malikdir. Salonda idman oturacaqları və sükan çarxı ilə yanaşı N seriyası üçün standart olan metal pedallar da mövcuddur.
“Qaynar” hetçbek alternativi olmayan altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 1.6-litrlik GDi turbomühərrikinə malikdir. Bir müddət sonra, i20 N modeli Veloster N və i30 N modellərindən götürülmüş “robot” ilə təchiz ediləcəkdir. Mühərriki 204 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edir. “Qaynar” hetçbek 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənir və 230 km/saatlıq maksimal sürət həddinə malikdir.
Hyundai i20 N modeli i20 WRC hetçbeki kimi 1190 kiloqram çəkiyə malikdir. Hyundai şirkətindən bildirildiyinə görə, mühəndislər sinifdə ən yaxşı güc-çəki nisbətini əldə ediblər.
Hetçbekin avadanlıq siyahısına beş hərəkət rejimi (Normal, Eco, Sport, N və N Custom) olan N Grin Control System daxildir:. Seçilmiş rejimdən asılı olaraq mühərrikin, elektron stabilizasiya sisteminin və sükan mexanizminin tənzimləmələri optimallaşdırılır. N Custom rejimində müxtəlif rejimlərin parametrlərini birləşdirmək olar.
İlkin məlumatlara görə, Hyundai i20 N modeli satışa gələn il çıxacaqdır.