Hyundai şirkəti yenilənmiş Santa Fe modeli üçün N Performance idman dəstini hazırlayıb. Təkmilləşdirmələr az deyil: kuzov dəsti yenidən nəzərdən keçirilmiş, interyer yenidən tikilmiş, yeni təkər diskləri və səsboğucu sistemi quraşdırılmışdı. Krossoverin idman versiyası hələlik konsept statusunda təqdim olunub. Böyük ehtimalla, Santa Fe N-Line modelinin seriya versiyası prototipdən elə də fərqlənməyəcəkdir.
Zahiri cəhətdən N Performance dəsti olan Hyundai Santa Fe modelini şaquli çubuqları olan yeni radiator barmaqlığı, fərqli dizayna malik olan ön bamperi, xrom əvəzinə bürünc dekoru, fərqli yan ətəkləri, kəsikləri olan kapot, karbonu təqlid edən materialla örtülmüş güzgü gövdələri, beşinci qapıdakı spoyler və arxa bamperdəki diffuzorun təqlid edən element ilə seçilir.
Buraxılış sisteminin konfiqurasiyası da dəyişdirilib: aşağıya endirilən çıxış boruları cütlənmiş ucluqları olan borular ilə əvəzlənmişdir. N-Line modifikasiyası 21-düymlük orijinal təkər diskləri və 265/40 R21 ölçülü nazik profilli Michelin Pilot Sport 4 SUV şinləri ilə təchiz edilir.
Santa Fe N Performance modelinin interyerinin tərtibatında alcantara, dəri və karbondan istifadə edilir. Ön oturacaqların arxa hissəsi, qapı kartlarının, mərkəzi tunelin və sükan çarxının müəyyən hissələri kompozit materialdan hazırlanmışdır. Güclü yan dəstəyə malik olan idman oturacaqları qırmızı tikişlərlə bəzədilirlər.
Texniki dəyişiklər barədə məlumat verilməsə də, qırmızı rəngli yaylar və ön əyləc supportları “idman” tənzimləmələri olan asqıdan və daha səmərəli əyləclər mexanizmlərinə işarə edir. Böyük ehtimalla, mühərrik və transmissiyada dəyişikliklər olmayacaqdır. Buna görə də, N Performance dəsti 202 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 2.2-litrlik turbodizel, 281 at qüvvəsi və 421 Nm fırlanma anına malik olan 2,5-litrlik benzin mühərriki ilə təklif ediləcəkdir.
2020-ci ilin dördüncü rübündə Hyundai şirkəti Sanata Fe krossoverinin “qaynar” versiyası olan Santa Fe N modelini buraxmağı planlaşdırır. Buna görə də, koreya istehsalçısı N-Line “idman” modifikasiyasının satışını təxirə salmayacaqdır. Hyundai Santa Fe N-Line modifikasiyası Cənubi Koreya ilə yanaşı, digər bazarlarda da satılacaqdır.
Mənbə: TheKoreanCarBlog