Çin bazarında satılan Santa Fe krossoverinin yenilənmiş versiyası, növbəti nəsil Mercedes-Benz S-Class (W223) sedanındakı kimi, multimedia sisteminin iri şaquli displeyinə sahib olacaqdır. Bu barədə məlumatı TheKoreanCarBlog saytı yayıb.
Dərc olunmuş şəkilindən göründüyü kimi, Hyundai Santa Fe modelinin ön panelin dizaynı, demək olar ki, radikal şəkildə dəyişəcəkdir. Mərkəzi deflektorlar yuxarıya köçəcək, onların yerində isə mərkəzi konsolun çərçivəsinə rəvan şəkildə “axan” şaquli sensorlu ekran quraşdırılacaqdır. Bənzər bir arxitekturaya, şəkilləri bu yaxınlarda İnternet şəbəkəsində peyda olmuş yeni nəsil Mercedes-Benz S-Class modelində də rast gəlmək olar.
"İki mərtəbəli" ön hissəyə malik olan hazırkı Hyundai Santa Fe modeli 2018-ci ildə Quançjou avtosalonunda debüt edib. Zahiri cəhətdən Çində satılan krossover qlobal Santa Fe modelinə bənzəsə də, onun təkər bazası 100 millimetr, ümumi uzunluğu isə 160 millimetr artırılıb. Çində satılan krossover Sonata modelindəki kimi işıqlanan zolaqla birləşdirilmiş C-şəkilli arxa fənərlər və düz formalı yan şüşələnmə xəttinə malikdir. Yerli krossoveri digər fərqləndirən cəhəti sürücünün biometrik identifikasiya sistemidir.
Çində satılan Hyundai Santa Fe modeli 245 at qüvvəli 2,0-litrlik birbaşa çiləməli turbomühərriki və səkkiz diapazonlu "avtomat" ilə təchiz edilir. Krossoverlər BAIC Motor və Hyundai Motor Company şirkətlərinin birgə müəssisəsi olan Beijing Hyundai şirkətinin zavodunda istehsal olunur.
Mənbə: TheKoreanCarBlog