Hyundai şirkətinin Avstriya ofisi səhvən Ioniq 5 elektromobilinin xüsusiyyətlərini yayımlayıb. Sonradan səhvini anlayan nümayəndəlik bütün məlumatları səhifəsindən silib. Lakin TheKoreanCarBlog sayəsində məlumat tez bir zamanda İnternetdə yayılıb. Söhbət elektrokarın "xoş gəldin" versiyasından - First Edition modifikasiyasından gedir.
TheKoreanCarBlog nəşri tərəfindən yayımlanan skrinşotlara görə, koreyalılar Ioniq 5 First Edition modelinə sifarişləri 31 yanvar 2021-ci ilədək qəbul edəcəklər. Sifarişi rəsmiləşdirmək üçün, ilkin olaraq, 1000 avro beh vermək tələb olunur. Sonra, 16 fevral tarixinə qədər alıcılar istehsal slotunu sifariş etməli və avtomobilin göndəriləcəyi dileri seçməlidirlər. 150 ədəd First Edition elektromobillərinin çatdırılmasına gələn ilin iyun - iyul aylarında başlanmalıdır. Ən maraqlısı odur ki, alıcı yalnız avtomobilin rəngini seçə bilər.
Ioniq 5 First Edition modeli iki elektrik mühərriki (hər oxda biri) və 800 volt cərəyanla işləyən 58 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Sistemin maksimum gücü 230 kilovat və ya 313 at qüvvəsi olacaqdır. Belə güc qurğusuna malik olan elektrokar 100 km/saat həddinə 5.2 saniyəyə sürətləncək və WLTP dövründə əsasən 480 kilometr məsafə qət edəcəkdir.
Batareya dəyişkən (11 kilovata qədər) və daimi cərəyanla (350 kilovata qədər) enerji yüklənməsini dəstəkləyir. Sonuncu halda, 20 faizlik ehtiyata malik olan batareyanın 80 faizə qədər doldurulmasına 15 dəqiqə gərək olacaqdır.
İoniq 5 modelinin avadanlıq siyahısına yan güzgüləri əvəz edəcək kameralar və damda quraşdırılan günəş panelinin daxil edildiyi məlumdur. Bundan əlavə, 73 kilovat-saat batareya ilə təchiz edilmiş versiyanın olacağı da gözlənilir. Belə modifikasiyanın yürüş ehtiyatı yenidən 550 kilometr olacaqdır.