Hyundai şirkəti elektriklə hərəkətə gələn Kona modelinin ilk tizerini dərc edərək, modelin təqdimat tarixini açıqlayıb. Dünyəvi təqdimatı Cenevrə avtosalonunda keçirilməsi planlaşdırılan elektrik krossoverinin onlayn təqdimatı 27 fevral tarixində baş tutacaqdır.
Dərc edilmiş tizer çox şeyi açıqlamasa da, o avtomobilin xarici görkəmi və silueti haqqında təsəvvür yaradır. Məlumdur ki, elektrik mühərriki ilə təchiz edilən avtomobillər, daxili yanacaq mühərrikləri daşıyan “qardaşlarından” fərqli olaraq güclü soyutma sisteminə ehtiyac duymurlar. Bu fakt elektromobillərin ön hissəsinin dizayn tərtibatında ciddi rol oynayır. Yeri gəlmişkən, Hyundai şirkəti il texniki detalları da səsləndirib. Yeni Kona Electric iki müxtəlif transmissiya və “bu günə qədər dünyada müştərilərə təklif edilən ən güclü elektromotor” ilə təchiz olunacaqdır.
Ən maraqlısı isə, elektrik Kona modelinin yürüş ehtiyatıdır – koreyalılar avtomobilin dolu batareya ilə 470 kilometr qət edəcəyini bildiriblər.
Bundan başqa, istehsalçı avtomobilin “şən” xarakterə və aktiv təhlükəsizlik texnologiyalarının geniş siyahısına malik olacağını da bildirib. Hyundai Kona Electric modelinin Avropadakı satışlarına bu ilin yayında başlanacaqdır. Beləliklə, Hyundai şirkəti yığcam elektrik krossoveri təklif edən ilk istehsalçı olacaqdır.