Hyundai şirkəti i30 ailəsini genişləndirməyə davam edir. Bir neçə ay bundan öncə təqdim edilmiş hetçbek kuzovlu i30 modelindən sonra universal kuzovlu i30 Tourer modeli də işıq üzü görmüşdür.
Bu gün «qaynar» i30 N hetçbeki ilə yanaşı Cənubi Koreya istehsalçısı i30 modelinin beş qapılı hetçbek kuzovlu variantını da təqdim edib. Hyundai i30 Fastback adlandırılan yeni model hetçbekdən 115 millimetr uzun və 30 millimetr alcaqdır. Bunun də əsas səbəbi yeni hetçbekin incə formalı tavan xəttidir. Maili şəkildə avtomobilin arxa hissəsinə «axan» tavan xətti baqaj qapağı üzərində quraşdırlan spoylerlə tamamlanır. Yeni dizayna malik olan ön bamper isə avtomobilə daha aqressiv görkəm bəxş edir.
Hyundai i30 Fastback modeli üçün on iki kuzov rəngi təklif edilir ki, bunların arasında adi boyalardan tutmuş metallik və mirvari çalarlarına da rast gəlmək mümkündür.
Yeni modelin interyerinin tərtibatında üç rəngdən istifadə edilir ki, bunlardan da ən maraqlısı Meriot Red rəngidir. Yeni fastbək nəinki kozovu ilə, həmçinin sərt asqısı ilə də hetçbek və universaldan seçilir.
Fastbək kuzovlu i30 modelinin mühərrik çeşidinə üç benzin və üç dizel güc aqreqatı daxil edilmişdir. Benzin güc aqreqatları 100 at qüvvəli 1,4-litrlik atmosfer mühərriki, 120 at qüvvəli üç silindirli 1,0-litrlik və 140 at qüvvəli 1,4-litrlik turbomühərriklərlə təmsil edilir. 1,6-litrlik dizel güc aqreqatı iki güc variantında – 110 və 133 at qüvvəli variantlarda təklif edilir. Güc aqreqatları 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Hyundai i30 Fastback modelinin təchizatına 8,0-düymlük sensorlu ekranı, naviqatoru, Apple CarPlay və Android Auto sistemlərini dəstəkləyən multimedia sistemi, işıqdiodlarından fənərlər, avtomatik uzaq işıqlar, adaptive kruiz-kontrol, sürücünün vəziyyətinə və kor zonalara nəzarət sistemləri daxil edilib.