Hyundai şirkəti yeni nəsil i30 hetçbekini təqdim etmişdir. Yeni modelin rəsmi təqdimat mərasimi bu ayın sonlarında işinə başlayacaq beynəlxalq Paris avtosalonunda keçiriləcəkdir. Hyundai i30 modelinin yeni nəslinin Avropadakı satışları 2017-ci ilin əvvəlində başlayacaqdır.

Yeni hetçbekin qabarit uzunluğu 4340 millimetr, eni – 1795 millimetr, hündürlüyü isə 1455 millimetr təşkil edir. Avtomobilin təkər bazası 2650 millimetrə bərabərdir. Beləliklə, yeni hetçbek sələfindən 40 millimetr uzun, 15 millimetr enli və 15 millimetr alçaqdır.  Bununla belə, avtomobilin təkər bazası dəyişilməz qalmışdır.

Hyundai i30 modelinin şassisinin konstruksiyasında və güc aqreqatlarında geniş sayda yüngülləşdirilmiş materiallardan istifadə edilsə də, sadə təchizatlı avtomobilin çəkisi 10 kiloqram artmışdır. Bununla belə, 1316 kiloqramlıq avtomobilin təchizatı daha zəngin olmuşdur.

Hyundai şirkətindən bildirildiyinə görə, avtomobilin quruluşunda yüksək möhkəmlikli poladdan olan hissələrin sayı 53% təşkil edir. Boyanmamış halda kuzov sələfinə nisbətən 28 kiloqram daha az çəkiyə malikdir. 

Yeni hetçbekin mühərrik çeşidinə üç benzin və üç dizel güc aqreqatı daxil edilmişdir. Benzin güc aqreqatları 100 at qüvvəli 1,4-litrlik atmosfer  mühərriki, 120 at qüvvəli üç silindirli 1,0-litrlik və 140 at qüvvəli 1,4-litrlik turbomühərriklərlə təmsil edilir.  1,6-litrlik dizel güc aqreqatı üç güc variantında – 95, 110 və 133 at qüvvəli variantlarda təklif edilir. Güc aqreqatları 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt