Hyundai şirkətinin elektromobillər xəttində yenilik var: Cənubi Koreya istehsalçısı yeni Ioniq 3 elektrik hetçbekini təqdim edib. Xüsusi olaraq Avropa bazarı üçün hazırlanmış yenilik Renault 5 E-Tech, BYD Dolphin və bu yaxınlarda təqdim edilmiş Cupra Raval elektrik hetçbeki ilə alıcıların pul kisəsi uğrunda mübarizə aparacaq.
Seriya versiyasının müjdəçisi, keçən ilin sentyabrında Münhen Avtomobil Sərgisində təqdim edilən və Art of Steel ("Polad Sənəti") üslubunda dizaynı ilə seçilən Hyundai Concept Three konsepti olub. Yeni model, konseptdən iti burnu, paz şəkilli şüşələnmə xəttini və yuvarlaq arxa hissəsi olan ifadəli silueti miras alıb.
Piksel faraları və arxa qanadlardakı xarakterik çıxıntılar da seriya modelinə keçib. Bununla belə, küçə yarışlarına yönəlmiş "qaynar” hetçbek imicindən imtina edilib. Mövcud trendlərə uyğun olaraq, Hyundai dizaynerləri Ioniq 3 hetçbekini artırılmış klirens və kuzovun qoruyucu kross-dəsti ilə təchiz ediblər – bu, xüsusilə N Line versiyasında nəzərə çarpır.
Şirkətin marketoloqları modeli ləyaqətli aerodinamikasını vurğulayan yeni "aerohetçbek" terminini də fikirləşiblər: modelin Cd müqavimət əmsalı 0,263 təşkil edir. Bununla belə, modelin ölçüləri kifayət qədər yığcamdır: hetçbekin uzunluğu 4155–4170 millimetr, eni - 1800 millimetr, hündürlüyü - 1505 millimetr, təkər bazası isə, 2680 millimetrdir.
Təchizat səviyyəsindən asılı olaraq, avtomobil diametri 16 ilə 19 düym arasında dəyişən təkər diskləri ilə təchiz olunur.
Ioniq 3 modelinin interyeri funksional və sadə bir üsluba malikdir. Daxili məkanın təşkilində əsas üstünlük praktikliyə verilib, burada çoxsaylı saxlanc bölmələri və yerlər nəzərdə tutulub, iki mərtəbəli mərkəzi tunel, transmissiyanın sükan sütununda quraşdırılmış selektoru və ənənəvi düymələri olan çoxfunksiyalı sükan çarxı da mövcuddur.
Panel yumşaq üzlüyə və yığcam arxitekturaya malikdir. Pleos Connect məlumat-əyləncə sistemi 12,9 və ya 14,6 düymlük ekranlarla təklif olunur və Android Automotive əməliyyat sistemi ilə işləyir. O, daha yüksək təchizatlı versiyalardakı ikizonalı klimat-kontrolun fiziki idarəetmə bloku ilə tamamlana bilər.
Opsional avadanlıqlar siyahısına Bose Premium audio sistemi, qızdırılan və havalandırılan oturacaqlar, ətraf işıqlandırması, panoram dam və Hyundai SmartSense yardımçı sistemlər kompleksi daxildir. Baqaj həcmi, döşəməaltı bölmə də daxil olmaqla, 441 litrdir.
Yeni hetçbek artıq Kia EV2, EV3 və EV4 modellərindən tanış olan E-GMP platformasının 400 voltluq versiyasına əsaslanır. Bu arxitektura iki elektrik mühərrikinin quraşdırılmasına imkan verir, lakin satışların başlanğıcında Ioniq 3 yalnız ön ötürmə sistemilə təklif olunacaq.
Standard adlı baza versiyası 147 at qüvvəsi və 250 Nm hasil edən elektrik mühərriki və 42,2 kilovat/saatlıq batareya ilə təchiz olunur. Belə hetçbek 0-dan 100 km/saat həddinə 9,0 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 170 km/saatdır. WLTP dövrünə uyğun olaraq, hetçbek 344 kilometrə qədər məsafə qət edə bilər.
Long versiyası daha böyük gediş ehtiyatı üçün nəzərdə tutulub: o, 135 at qüvvəsi və 250 Nm hasil edən elektrik mühərriki və 61 kilovat/saatlıq batareya ilə təchiz olunur. Ioniq 3 Long hetçbekinin100 km/saat həddinə sürətlənməsi 9,6 saniyə çəkir, maksimal sürət isə, 170 km/saat olaraq qalır.
WLTP dövrünə uyğun olaraq qət edilən məsafə 496 kilometrə çatır. Sürətli şarj dəstəklənir: batareyanın 10%-dən 80%-ə qədər doldurulması təxminən 29 dəqiqə çəkir. Gələcəkdə ümumi gücü 290 at qüvvəsinə qədər olan ikimühərrikli "qaynar" N versiyasının da çeşidə qoşulacağı gözlənilir.
Hyundai Ioniq 3 “aerohetçbekinin” Avropadakı satışlarına ilin sonuna qədər başlanmalıdır. Hetçbekin istehsalı Türkiyədə, Hyundai şirkətinin İzmitdəki zavodunda yerləşdiriləcək.
Qiymətlər hələlik açıqlanmayıb, lakin elektromobilin baza versiyasının qiymətinin 25.000 ilə 30.000 avro arasında olacağı gözlənilir. Müqayisə üçün, eyni platformalı Kia EV2 modelinin Almaniyadakı satış qiyməti 26.000 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









