Ötən il dekabr ayının sonunda Hyundai debütündən beş il keçdikdən sonra nəsil dəyişdirən yeni Kona modelini nümayiş etdirmişdi. O zaman, Cənubi Koreya istehsalçısı Ioniq elektromobillərinin futuristik üslubunda dizayna malik olan krossoverin yalnız bir neçə şəklini dərc etməklə kifayətlənmişdi.

Bu gün isə, Hyundai yeniliyin eksteryer və interyer şəkillərindən ibarət olan böyük bir fotoqalereyanı yayımlayıb, eyni zamanda, yeni Kona haqqında bütün təfərrüatları açıqlayıb. Doğrudur, bu təfərrüatlar daxili bazarda satılacaq avtomobilə məxsusdur.

Artıq məlum olduğu kimi, Kona dörd versiyada buraxılacaqdır – hibrid, daxili yanma mühərrikli, elektrik və idman N Line. Daxili yanma mühərriki və benzin-elektrik güc qurğusu olan krossover əvvəlki nəsil modeli ilə müqayisədə ölçü baxımından böyüyüb.

Xatırladaq ki, yeni Hyundai Kona modelinin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4350, 1825 və 1580 millimetr (17 düymlük təkər diskləri ilə), təkər bazası isə 2660 millimetdir. Elektrik versiyanın ölçülərinin isə mart ayında açıqlanacağı bildirilib, lakin elə də ciddi fərqin olacağını düşünmürük.

Daxili bazarda Hyundai 149 at qüvvəsi və 180 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərrik və variator ilə təchiz edilmiş Kona modelini satacaqdır. Alternativ olaraq, səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan, 198 at qüvvəsi və 265 Nm hasil edən 1,6-litrlik turbomühərrik təklif ediləcəkdir.

Hibrid güc qurğusunun tərkibinə xüsusi tənzimləmələri və birbaşa püskürtməsi olan 1,6-litrlik GDi mühərriki daxil olacaqdır ki, bu da elektrik mühərriki ilə birlikdə krossoveri "təsiredici sürətləndirmə" ilə təmin edəcəkdir. Hibrid qurğunun ümumi hasilatı 141 at qüvvəsi və 265 Nm fırlanma anı olacaqdır.

Rəqəmsal cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük ekranları vahid şüşə panelin altında briləşiblər. Transmissiyanın selektoru üçqollu sükan çarxına keçirilib ki, bu da mərkəzi tuneldə əlavə saxlanc bölmələri üçün yer açmağa imkan verib.

Baqaj bölümü 723 litrə qədər yük tutur. Onun ağıllı elektrik qapısının açılma hündürlüyünü və hətta sürətini də tənzimləmək mümkündür. Eyni zamanda, Kona öz sinifində arxa sərnişinlərin çiyin zonasında ən geniş məkan təklif edir - 1402 millimetr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kona modelinin təchizatına ADAS elektron köməkçiləri kompleksi, ağıllı kruiz-kontrol və smartfondan qapıları kontaktsız açılmağa imkan verən NFC (Near field communication) texnologiyasının dəstəklənməsi daxildir. Həmçinin simsiz enerji doldurma üçün bölmə və havadan yeniləmə funksiyası nəzərdə tutulub. Salon səs izolyasiyası da təkmilləşdirilib.

Cənubi Koreya istehsalçısı mart ayında Kona modelinin qlobal versiyası barədə məlumat verəcəyini vəd edib. Eyni zamanda, dizaynı bütün ailə üçün başlanğıc nöqtəsi olan elektrik versiyası haqqında məlumat açıqlanacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.