“Kral Aslan” cizgi filminin qəhrəmanının adını daşıyan bu avtomobil istehsala demək olar ki, hazırdır. İstehsal versiyası apreldə Şanxay avtosalonunda təqdim olunacaq və yayın ortalarında Çin bazarına çıxacaqdır. Bununla belə, Beijing Hyundai müştərək müəssisəsi əvvəlcə ictimaiyyətin reaksiyasını yoxlamaq qərarına gəlib və Hyundai Mufasa Adventure konsept avtomobilini nümayiş etdirib.
Böyük ofroud təkərləri, əlavə kandarlar, damdakı projektorlar, nümayişkaranə yedək qarmaqları olan iri bamperlər ... Bütün bu möhtəşəm, lakin sırf sərgi üçün nəzərdə tutulmuş elementləri çıxarsaq, standart seriya krossoverini görmək olar. Belə krossoverin şəkilləri artıq Çin sertifikatlaşdırma orqanı tərəfindən fevral ayında dərc edilib.
Mufasa modeli, 2017-ci ildən Çində istehsal olunan və ranqlar cədvəlində ix25 (Creta) və Tucson modelləri arasında yerləşən Hyundai ix35 krossoverini əvəzləmək üçün yaradılıb. Digər bazarlarda Hyundai bu kiçik yeri boş saxlayıb, lakin Hyundai ix35 modelinin Çində ildə 130-140 min nüsxəlik tirajla satıldığını nəzərə alsaq, belə bir yeri diqqətdən kənar qoymaq ağılsızlıq olardı.
Yeni Hyundai Mufasa modelinin uzunluğu 4475 millimetr, təkər bazasının ölçüsü isə 2680 millimetrdir (Creta-dan 50 millimetr çox). Yeni krossover atipik dizaynı və 17 və ya 18 düymlük təkər diskləri ilə seçilir. Texniki nöqteyi-nəzərdən krossover kifayət qədər mühafizəkardır: 2,0-litrlik atmosfer mühərriki (160 at qüvvəsi, 193 Nm) və altı pilləli “avtomat” elan edilib. Hibrid versiya daha sonra işıq üzü görəcəkdir. Bütün detallar tezliklə açıqlanacaqlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.