Hyundai şirkəti San-Pauluda işinə başlamış avtosalonda Saga EV adlı konsepti nümayiş etdirib. Cənubi Koreya istehsalçısının Braziliya bölməsi konsepti “yığcam, elektrik, müasir və şəhər krossoveri” kimi səciyyələndirib. Braziliyalılar bu konseptin “markanın gələcək mütəhərrikliyə baxışı” olacağını da vurğulayırlar.
Braziliya kütləvi informasiya vasitələri konseptin bu ölkədə buraxılan HB20 hetçbekinin növbəti nəslinin, daha dəqiq desək, bütün yollar üçün olan HB20X versiyasının carçısı olduğunu iddia edirlər. “Uğura döğru möhtəşəm səyahət” mənasına gələn “Saga” adı da yerli bölmə tərəfindən seçilibdir. Yeri gəlmişkən Hyundai markasından olan avtomobillərin Braziliyadakı satışı ilə 1970-ci ildən fəaliyyət göstərən çoxbrendli Group Saga konqlomeratı məşğul olur.
Sərgidə nümayiş etdirilmiş konseptin qabarit uzunluğu 4028 millimetr, təkər bazasının genişliyi isə 2560 millimetrdir. Avtomobilin klirensi 302 millimetrə bərabərdir. Kona krossoverindən tanış olan 204 at qüvvəli elektromotorla təchiz edilib. Konseptin 470 kilometrlik yürüş məsafəsinə malik olduğu bildirilir.
Hyundai HB20 ailəsi 2012-ci ildən Hyundai şirkətinin Braziliyadakı zavodunda buraxılır. Zavodda hetçbek kuzovlu model ilə yanaşı, HB20S adlı sedan da istehsal edilir. Yeni konsept gələcəkdə bu ailənin daha geniş olacağından xəbər verir.