Hyundai şirkət Azərbaycan bazarında satılacaq Staria miniveninin mühərrikləri haqqında ətraflı məlumatla bölüşüb. Gözlənildiyi kimi, yeni miniven üç güc aqreqatı - turbodizel, benzin və 3,5-litrlik iki yanacaqlı mühərrik, - ilə təklif ediləcəkdir. 15 aprel tarixində Cənubi Koreyada satışa çıxarılacaq Hyundai Staria modelinin qiyməti açıqlanıb: qiymətlər 27 milyon 260 min vondan (41.300 manat) başlayır. Staria modelinn Azərbaycandakı satışlarına 2021-ci ilin ikinci yarısında başlanacaqdır.
Hyundai Staria mniveni köndələn mühərrik yerləşməsi, ön ötürməsi və müstəqil arxa asqısı olan müasir platforma üzərində inşa edilib. Eyni zamanda, avtomobilin təkər bazası H-1 modeli ilə müqayisədə 73 millimetr artırılaraq 3273 millimetrə qədər uzadılıb. Minivenin ölçüləri də bütün istiqamətlərdə böyüyüb:
Staria modelinin uzunluğu 5253 millimetr (+103 millimetr), eni - 1997 millimetr (+ 77 millimetr), hündürlüyü isə1990 millimetr (+ 65 millimetr) təşkil edir. Bundan başqa, döşəmənin səviyyəsi aşağı salınıb ki, bu da salonda hərəkət etməyi asanlaşdırıb.
Staria xəttinə üç nəfərlik kabini və beş kubmetrlik yük bölməsi olan Staria Cargo furqonu, iki cərgəli versiya və sərnişin versiyaları daxildir. Bunlar ikinci və üçüncü cərgələrdə iki ayrı oturacağı olan yeddi və ya doqquz nəfərlik variantlar, eləcə də dörd oturacaq cərgəsinə malik olan versiyadır. Sonuncu konfiqurasiyada sərnişinlərin sayı 11 nəfərə çatır.
Hyundai Staria üç modfikasiyada təklif ediləcəkdir. Baza versiyası 177 at qüvvəsi hasil edən 2,2-litrlik VGT turbodizeli, altı pilləli “mexanika” və ya səkkiz pilləli “avtomat” ilə təklif ediləcəkdir. “Avtomat” ilə təchiz edilən miniveni tam ötürmə ilə də sifariş etmək olar.
Daxili bazarda alternativ olaraq həm benzin, həm də mayeləşdirilmiş qazla (propan-butan) işləyən 240 at qüvvəli 3,5-litrlik V6 aqreqatı ilə hərəkətə gələn versiya da təklif ediləcəkdir. Belə miniveni avtomatik ötürmələr qutusu ilə təchiz olunacaqdır. İxracata gedən Staria modelində üçün “avtomat” ilə tandemdə çalışan 272 at qüvvəli 3,5-litrlik altısilindrli atmosfer mühərriki də quraşdırılacaqdır.
Hyundai Staria miniveninin baza versiyalarının təchizatına yeddi hava yastığı, 17-düymlük təkər diskləri, şkalaların arasında kiçik ekranı olan analoq cihazlar paneli və kondisioner daxildir. Cənubi Koreya bazarında model standart komplektasiyada adaptiv kruiz-kontrol və avtomatik əyləcləmə sistemi ilə təchiz ediləcəkdir.
Əlavə ödəniş qarşılığında multimedia sisteminin 10,25-düymlük ekranını və klimat-kontrolun sensorlu idarəetmə blokunu sofariş etmək mümkündür.
Cənubi Koreyadakı Staria Lounge adlanan digər bazarlarda isə Hyundai Staria Premium kimi tanınacaq miniven üçün qeyri-adi dizaynlı 18-düymlük təkər diskləri, 64 rəngli ətraf işıqlandırması və fərdi qol dayaqlarına sahib iki cüt “kapitan” kreslosu ilə təchiz edilən doqquz nəfərlik salon nəzərdə tutulub.
Opsiyalar siyahısına rəqəmsal cihazlar paneli, Bose səs sistemi, iki hissəli panoram dam, habelə birinci və ikinci cərgənin oturacaqlar üçün havalandırma funksiyası daxildir. Staria Premium yeddi nəfərlik də ola bilər, lakin bu halda əlavə ödəniş tələb olunacaqdır.