Elektrikli nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş mühərrik-təkərlər kimi maraqlı ideya o qədər də geniş yayılmayıb. Səbəbi isə, artıq hər kəsə məlumdur - yüksək qiymət və böyük ressoraltı kütlələr. Bununla belə, şassinin daxilində faydalı yer boşaltmaq üçün elektrik mühərriklərinin kiçildilməsi fikri avtomobil mühəndislərini düşündürən əsas məsələdir. Bu sahədə yeni həll yolunu Hyundai təklif edir:0 koreyalılar ayrılmış mühərriki və azaldıcı reduktoru olan UniWheel adlı sistemi hazırlayıblar.
İdeya çox sadədir: ağır elektrik mühərriki kuzovda və ya çərçivədə qalır, nisbətən yüngül azaldıcı reduktor təkərin içərisindəki boş yerdə quraşdırılır. UniWheel sistemində oynaqlı birləşmə yoxdur, onun əvəzinə çoxpilləli planetar ötürməsi olan dördkeçidli sistem var: belə konstruksiyanın hərəkətliliyi ona asqının işini kompensasiya edərək, fırlanma anını təkərə ötürməyə imkan verir.
"Reduktor-təkərdən" istifadə bir sıra üstünlüklər vəd edir. İri reduktorları olmayan dartma elektrik mühərrikləri daha yığcam olmalı, hər təkərdə fərdi mühərriklərdən istifadə sayəsində isə, kuzovun daxilində faydalı yer boşalmalıdır. Hyundai mühəndisləri bu məkanı dartma batareyasının əlavə hüceyrələri ilə doldurmağı təklif edirlər. Yeri gəlmişkən, düzgün konfiqurasiya edilmiş idarəetmə elektronikası olan fərdi mühərriklər tamölçülü dartma vektoruna nəzarət sistemi kimi çalışa bilərlər.
Solda - ənənəvi ötürməli platforma, sağda - UniWheel sistemi
Qeyd edildiyi kimi, oynaq birləşmələrindən imtina, fırlanma anını təkərlərə ötürərkən yaranan itkiləri azaldacaq, səmərəliliyi və yürüş ehtiyatını artırmalıdır. Bundan əlavə, pnevmatik asqının şaquli istiqamətdə tənzimləmə diapazonundan daha geniş istifadə etmək imkanlarına yol açır. UniWheel sistemi diametri 4 ilə 25 düym arasında dəyişən təkərlərlə istifadə oluna bilər - bu isə, kiçik fərdi mobillik vasitələrindən tutmuş ofrouderlər və yük avtomobillərinə qədər ən geniş çeşiddə nəqliyyat vasitələrini əhatə edir.
Hyundai şirkəti artıq UniWheel sisteminin möhkəmlik və dayanıqlıq testlərinin tam dövrü həyata keçirdiyini bildirib. Sistem bu sınaqlardan uğurla çıxıb. İnnovativ qurğunun nə vaxt seriyaya gedəcəyi hələlik məlum deyil, lakin koreyalıların bu texnologiyanı artıq Cənubi Koreya, Avropa və ABŞ-da, yəni əsas bazarlarda patentləşdirdiyi məlumdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.