Hyundai şirkəti Solaris sedanının növbəti nəslini təqdim edib. Bizim bazarda Accent kimi tanınan sedan eksteryerin və interyerin yeni dizaynına, irilənmiş qabaritlərə və təkmilləşdirilmiş güc aqreqatlarına sahib olmuşdur.
Yeni sedan sələfi ilə müqayisədə 3 samtimetr uzun və enli olmuşdur. Beləliklə, yeni Solaris/Accent modelinin qabarit uzunluğu 4405 millimetrə, eni isə 1729 millimetrə bərabərdir. Yığcam sedanın təkər bazasının uzunluğu 2600 millimetr təşkil edir. Avtomobilin təkər izi də genişlənmişdir.
Bundan əlavə, baqaj bölümünün həcmi 10 litr artaraq 480 litrə çatmışdır. Digər tərəfdən, avtomobil Elantra modelindən tanış olan yeni yarımsərbəst asqını da əldə etmişdir. Hyunadi Solaris/Accent gücü 107 at qüvvəsindən 99 at qüvvəsinə azaldılmış 1,4-litrlik mühərriklə təchiz edilir.
Qeyd etmək lazımdır ki, mühərrikin fırlanma anı da 135 Nm-dən 132 Nm-ə qədər azaldılmışdır.
1,6-litrlik mühərrik isə dəyişən uzunluqlu və ikinci fazadəyişəni olan daxilolma kollektoru ilə təchiz edilir. Mühərrikin gücü əvvəlki kimi 123 at qüvvəsi təşkil etsə də, fırlanma anı 150 Nm qədər azaldılmışdır. Güc aqreqatları altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər.
Bir müddət sonra modelin mühərrik çeşidinə 2,0-litrlik mühərrik də daxil ediləcəkdir. Solaris/Accent modeli dörd təchizat səviyyəsində təklif ediləcəkdir: Active, Active Plus, Comfort və Elegance.
Avtomobil standart olaraq sürücü və sərnişinin təhlükəsizlik yastıqları, ön elektrik şüşəqaldıranlarla, stabilizasiya sistemi, şinlərdəki təzyiqə nəzarət sistemi ilə təchiz ediləcəkdir. Active Plus səviyyəsi güzgülərin elektriklə idarə edilməsini, USB portu olan audiosistemi, ön oturacaqların qızdırılmasını əldə edəcəkdir. Comfort səviyyəsi dəri sükan, kondisioner, arxa elektrik şüşəqaldıranlar, mərkəzi kilid və Bluetooth sistemi ilə öyünə bilər. Ən bahalı variant isə parktronik, işıq vericisi, klimat-kontrol, naviqasiya, linzalı fənərlər və duman əleyhinə işıqlar ilə təchiz ediləcəkdir. Əlavə ödənişlə alın şüşəsinin və arxa oturacaqların qızdırılmasını, döngələrin işıqlandırılmasını, açarsız giriş və arxa görüntü kamerasını sifariş etmək mümkündür.