Yenilənmiş Hyundai Sonata sedanı cari ilin yazında debüt edib. Lakin o zaman yenilənmiş modeli vətənində - Cənubi Koreyada nümayiş etdirmişdilər. İndi isə, yenilənmiş Sonata Şimali Amerikada debüt edib. Lakin əsas xəbər Koreya sedanının tam ötürmə sistemini almasıdır.
Hyundai Sonata N Line
Hyundai Sonata artıq 38 ildir ki, istehsal olunur və bu müddət ərzində səkkiz dəfə nəsil dəyişdirib. Birinci nəsil Sonata modeli arxa ötürməli idi, ikinci nəsildən başlayaraq isə, bütün avtomobillər ön ötürməli olublar. Odur ki, 4x4 versiyasının debütü əsl dönüş nöqtəsidir. Doğrudur, tam ötürməli sedan hələlik yalnız Amerika bazarında təklif edilir. Bununla belə, bu modifikasiya sürpriz olmayıb, çünki qohum Kia K5 sedanı 2020-ci ildən ABŞ-da tam ötürmə ilə təklif edilir.
Hyundai Sonata Hybrid
Arxa oxu birləşdirən elektrohidravlik muftası olan HTRAC transmissiyası Hyundai krossoverlərindəki ilə demək olar ki, eynidir. Tam ötürməli Sonata yalnız 194 at qüvvəli 2,5-litrlik mühərrik və səkkiz pilləli “avtomat” ilə təchiz olunur. Digər yenilik də var - avtomobilin hərəkət elektronikası qış rejimini alıb. Yeri gəlmişkən, 182 at qüvvəli 1,6-litrlik turbomühərrik amerikan çeşidindən çıxarılıb, ona görə də, 2,5-litrlik atmosfer mühərriki Sonata üçün baza aqreqatı hesab olunacaq.
Amerikadakı modifikasiya çeşidində 195 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilmiş Sonata və "bərkgedən" Sonata N Line sedanları da qalıblar. “Bərkgedən” versiya 294 at qüvvəli 2,5-litrlik turbomühərrik və preselektiv “robot" ilə təchiz olunur. Bununla belə, bu modifikasiyalar yalnız ön ötürmə ilə təklif edilirlər. ABŞ-da yenilənmiş sedanların satışına qışda başlanmalıdır. Hazırda ABŞ-da restaylinqdən əvvəlki Hyundai Sonata sedanının qiyməti 25 500 dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.