Hyundai şirkəti də onlayn təqdimatı keçirərək, Prophecy ("Gələcəkdən xəbər verən") adlı konseptini təqdim edib. Konsept koreya markasının gələcək dizayn fəlsəfəsindən xəbər verir.
Yeni prototip keçən il təqdim edilmiş Hyundai 45 EV konseptinin davamçısıdır. Keçən bir il ərzində, dizaynerlər mürəkkəb formalardan imtina edərək, sadə təmiz xətlərə və minimalistik dizayna üstünlük veriblər. Bu isə, koreya markasının gələcək modellərində məhz belə dizayn üslubunun tətbiq ediləcəyinə işarədir.
Eyni zamanda, konsept sələfinin bəzi elementlərini irsən mənimsəyib: buna misal kimi, piksel fənərlərini göstərmək olar. Prophecy konsertində onlardan həm ön, həm də arxa işıq texnikasında, həm də spoylerdə istifadə olunur. Şirkət, bənzər texnologiyanın yaxın zamanlarda seriya avtomobillərində tətbiq ediləcəyini bildirib.
Konsept, Porsche 911 sportkarının üslubunda damlaşəkilli siluetə malikdir: axan formalı dam xətti, şəffaf spoyler və arxa bamperə quraşdırılmış saxta radiator barmaqlığı bu görüntünü yaratmağa yardım edir. Salonda dörd fərdi oturacaq quraşdırılıb. Salona girişi rahat etmək üçün, dizaynerlər mərkəzi dayağı götürərək, taybatay açılan qapılar tətbiq ediblər.
Avtomobil pilotsuz nəqliyyat vasitəsidir və bu səbəbdən də, ənənəvi idarəetmə orqanlarından məhrum edilib. Sükan çarxını sürücü oturacağının hər iki tərəfində quraşdırılmış coystiklər, cihazlar panelini isə ön panel boyu uzanan rəqəmsal ekran əvəzləyib.