Hyundai, Kia və Genesis markalarının sahibi olan Hyundai Motor Group konserni maşın təliminə əsaslanan ilk “ağıllı” kruiz-kontrol üzərindəki çalışmaları başa vurduğu barədə məlumat verib. Bu sistem davranış ssenarilərini dinamik şəkildə təhlil edərək özünü təkmilləşdirə bilər.
Sistemin adlandırıldığı SCC-ML abbreviaturası Smart Cruise Control – Machine Learning kimi açıqlanır. Yəni, bildiyimiz aktiv kruiz-kontrol üstəgəl maşın təlimi. Adi yardımçılardan fərqli olaraq yeni sistem nəinki öndəki avtomobillə ara məsafəsini və təyin edilmiş sürəti saxlayır, o həmçinin, sürücünün hərəkətlərini təhlil edərək özünün təkmilləşdirə bilir.
Bundan ötrü ön kamera və radar daima hərəkətin xarakteri barədə məlumatı toplayaraq onu mərkəzi kompyüterə ötürürlər. Süni intellektə əsaslanan hesablama platforması məlumatlar axının təhlil edərək davranış ssenarilərini tərtib edirlər. Bu zaman, digər avtomobilə qədər olan məsafə, yol şəraitinin və sürətin dəyişməsinə reaksiya hesaba alınır. Bu və digər giriş parametrlərinə əsaslanan SCC-ML sistemi kruiz-kontrolu istənilən vəziyyətə uyğunlaşdıran 10 minə yaxın şablonu yaradır. Üstəlik, mümkün təhlükəli vəziyyətlər sistemin yaddaşında saxlanılmır.
Məsələn, SCC-ML avtomobilin şəhər axınında hərəkət etdiyini görərək, qarşıdakı avtomobil ilə ara məsafəsini azaldır. Avtomagistralda isə əksinə, sürətin yüksəlməsi ilə bərabər ara məsafəsi də artırılır. Avtomagistrallarda hərəkət yardımçısı ilə birlikdə çalışan yeni sistem, SAE klassifikasiyasına əsasən ikinci səviyyə avtonomluğu təmin edir.