Hyundai şirkəti Rear Occupant Alert adlı yeni texnologiyanı təqdim edib. Bu sistem 2018-ci ildə bütün Hyundai avtomobillərində quraşdırılacaq və avtomobili tərk edən böyüklərə, arxa oturacaqda uşaqların qaldığı barədə xəbərdarlıq edəcəkdir.
Sistem ultrasəs vericilərinin köməyi ilə daima arxa cərgəni skan edir. Avtomobilin dayanması halında, cihazlar panelində, avtomobildən enməzdən əvvəl arxa cərgəyə nəzarət edilməsinin vacibliyini bildirən xəbərdarlıq əks etdirilir. Sürücü avtomobili tərk etdikdən sonra sistem salonda hərəkəti qeydə alarsa, bu zaman səs siqnalı işə düşür, fənərlər yanır, smartfona isə xəbərdarlıq gəlir. Hyundai şirkətində Rear Occupant Alert sisteminin baş verə biləcək faciələrin önlənməsində ilk addımın olacağını düşünürlər. Bu ilin yulunda təkcə Amerika Birləşmiş Ştatlarında isti havada avtomobildə tərk edilmiş 29 uşaq həlak olub.