Hyundai şirkəti model xəttində Kona modelindən bir pillə aşağıda qərarlaşacaq Venue subkompakt krossoverinin videotizerini dərc edib. Yeni krossover 17 aprel tarixində Nyu York və Nyu Dehlidə debüt edəcəkdir.
Tizerdən göründüyü kimi, krossoverin dizaynı Kona modelinin ruhunda hazırlanıbdır. Hyundai Venue ikimərtəbəli işıq texnikasına, düzbucaqlı formasında gündüz hərəkət işıqlarına və iri radiator barmaqlığına malik olacaqdır. Avtomobilin uzunluğunun dörd metrdən çox olmayacaqğı, onun mühərrik çeşidinə isə, yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışan 1,0-litrlik turbomotorun, həmçinin 1,4-litrlik benzin və dizel aqreqatlarının daxil ediləcəyi söylənilir.
Hyundai nümayəndələri yeni krossoverin “şəhər işgüzar adamlarına” ünvanlandığını bildiriblər. Əsas hədəf, avtomobilin unikal üslubuna diqqət yetirən aktiv gənclərdir. Yeni krossoverin Kona və Creta modelindən ucuz olacağı ehtimal edilir. Hyundai Venue modelinin satışlarına may ayının ortalarında başlanmalıdır.