Bu gün Hyundai şirkəti bir neçə gündən sonra Nyu York və Dehlidə təqdim edəcəyi yığcam Venue modelinin üzərindəki sirr pərdəsini götürüb. Cənubi Koreya istehsalçısı yeni yığcam krossoverin dizayner eskizlərini dərc edib.
Eskizlərdən də göründüyü kimi, Hyundai Venue krossoveri Kona və Santa Fe modellərindəkinə bənzəyən ikimərtəbəli ön işıq texnikasına sahib olub. Krossoverin arxa hissəsinin dizaynı isə, üç bundan öncə Hindistanda nümayiş etdirilmiş Carlino konseptini xatırladır.
Venue modelinin interyerinə gəldikdə isə, ön panelin klassik arxitekturaya malik olduğunu və Kona modelindən fərqləndiyini görürük. Dizaynerlər, hətta ön panelin üzərində xırda əşyalar üçün xüsusi bölməni də nəzərdə tutublar.
Eskizlər Hyundai Venue modelinin üçqapılı kuzova malik olduğunu göstərsə də, son zamanlar belə avtomobillərə olan tələbatın azalması bu ehtimalı sıfıra endirir. Bundan başqa, maraqlı bir element baqaj bölümünün taybatay açılan şaquli qapılarıdır. Çox gümanki, seriya modelində bu qapı ənənəvi yuxarı açılan variant ilə əvəzlənəcəkdir.
İlkin məlumata görə, yeni krossover yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışan 1,0-litrlik üçsilindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Bundan başqa, modelin mühərrik çeşidinə 100 at qüvvəsi hasil edən 1,4-litrlik benzin və dizel mühərrikləri də daxil olacaqdır.