Müasir avtomobillərdə iri displeylərin tətbiqi artıq geniş vüsət alıb. Bunlara misal olaraq, analoq paneli əvəzləyərək standart avadanlığa çevrilən virtual cihazlar panelini, multimedia sistemlərinin 15 düymə belə çatan diaqonalı olan displeylərini göstərmək mümkündür. Hyundai şirkətinin son tədqiqatları ekran ekspansiyasını yeni səviyyəyə çatdırıb. Koreyalıların hazırladığı virtual ön paneldə displeylər hətta sükan çarxında da yerləşdirilib.
Hyundai şirkətinin hazırladığı “avtomobil kokpitinin gələcəyi” adlanan layihə, gələcəyin i30 modelinin ön panelini nümayiş etdirir. Burada virtual cihazlar paneli və iri mərkəzi displey ilə yanaşı, sükan çarxında yerləşdirilmiş iki iri displeyi görmək olar.
Yeri gəlmişkən, Hyundai i30 modelinin əsas olaraq seçilməsi təsadüfi deyil. “Hyundai i30 modelini seçməyimizin əsas məqsədi innovasiyaların yalnız yuxarı seqment ilə məhdudlaşmadığını göstərməkdir, - Hyundai Motor Europe texniki mərkəzinin Human Machine Interface bölümünün böyük mühəndisi Recina Kayzer bildirib. – Hyundai innovasiyaların daha geniş müştəri kütləsi üçün əlçatan olacağını sübut etmək istəyir”.
Hyundai nümayəndələrinin sözlərinə görə, virtual kokpit sürücünün həyatını asanlaşdırmalıdır. “Biz daima avtomobili istifadəçi üçün intuitiv olaraq anlaşılan edəcək və ondan istifadəni asanlaşdıracaq yeni texnologiyalar üzərində işləyirik”, - Kayzer davam edib. Məsələn, beş “düymə” ilə konfiqurasiya edilən ekran toxunuşlu əks əlaqəni təmin edərək istifadəni sadələşdirir.
Yeni kokpit Hyundai mütəxəssislərinin hazırladığı virtual kokpitin dördüncü nəslidir. Koreyalılar bu kokpitin ilk versiyasını 2015-ci ildə nümayiş etdiriblər və həmin vaxtdan onu təkmilləşdirməyə davam edirlər. Sükan çarxında quraşdırılmış sensorlu panellər sistemə yeni inteqrasiya edilib, virtual cihazlar paneli isə, çoxqatlı ekrandan ibarətdir və 3D effektinə malikdir.
Təəssüflər olsun ki, bu virtual kokpit seriyaya getməyəcəkdir, lakin bu layihədə istifadə edilmiş texnologiyaları tezliklə Hyundai markasının seriya avtomobillərində görmək şansımız olacaqdır.