Bu gün onlayn şəklində keçirilən Hydrogen Wave forumunda, Hyundai qrupu hidrogen enerjisindən istifadəni nəzərdə tutan Hydrogen Vision 2040 strategiyasını təqdim edib. Eyni zamanda, istehsalçı nəinki yaxın və uzaq gələcəyə olan planlarını açıqlayıb, həm də müəyyən icadlarını nümayiş etdirib.
Onların arasında Kia Stinger modelini xatırladan Hyundai Vision FK adlı konseptual idman avtomobili də var. Bu bir növ xüsusi hibriddir: avtomobil elektrik güc qurğusu ilə hərəkətə gəlir və iki cərəyan mənbəyinə malikdir. Güc qurğusu həm elektrokimyəvi generatordan, həm də batareya blokundan qidalana bilər.
Beləliklə avtomobili xarici enerji mənbəyinə qoşmaq və hidrogenlə doldurmaq mümkündür. Hidrogen balonları arxa oxun üzərində, T-şəkilli batareya - döşəmədə, yanacaq hüceyrələri isə öndə, kapotun altında yerləşirlər. İki elektrik mühərriki bir-birindən asılı olmayaraq arxa təkərləri hərəkətə gətirirlər.
Hyundai Vision FK modelinin güc qurğusunun maksimal hasilatı 500 kilovat (680 at qüvvəsi) təşkil edir ki, bu da sportkarı 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətləndirməyə imkan verir. Kupenin hesablanmış yürüş ehtiyatı 600 kilometrdən çoxdur.
Yeri gəlmişkən, konseptin bəzi komponentləri Nevera elektrik hiperkarının yaradıcısı və Bugatti markasının yeni sahibi olan Xorvatiyanın Rimac şirkəti tərəfindən təmin edilib. Koreyalılar bir neçə il əvvəl Mate Rimatsa məxsus olan şirkətin səhmlərini əldə etmiş və bu əməkdaşlığın yalnız investisiyalarla məhdudlaşmayacağını bildirmişdilər.
Bütün bunlara baxmayaraq, Vision FK prototipinin seriyaya getməsi real görünmür: belə ikiqat sistem əslində texniki israfçılıqdır və istehsalda çox baha başa gələcəkdir. Eyni zamanda, Hyundai şirkətinin məqsədi 2030-cu ilədək hidrogen elektromobillərinin qiymət baxımından batareyalı elektromobillərə bərabər olmasını təmin etməkdir.
Koreya istehsalçısı 2028-ci ilə qədər kommersiya modellərinin bütün xəttini yanacaq hüceyrələrinə keçirməyi planlaşdırır. Bu istiqamətdə ilk böyük addım 2023-cü ildə, yeni nəsildən olan 100 və 200 kilovatlıq sistemlərin debüt edəcəyi zaman atılacaqdır.
Strategiyanın başlığında göstərilən 2040-cı ildə isə, təkcə nəqliyyatda deyil, həm də sənayenin və həyatın bütün sahələrində müvafiq enerji mənbəyindən istifadə edən “qlobal hidrogen cəmiyyəti” meydana çıxmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.