Hyundai şirkəti Creta krossoverinin üç oturacaq cərgəsi ilə təchiz edilmiş versiyasının eskizlərini dərc edib. Krossover Alcazar adlandırlacaqdır. Tizerlərdən də göründüyü kimi, Alcazar modeli adi Creta modelindən müəyyən cizgiləri ilə fərqlənir. Hyundai şirkəti yeni modelin debüt tarixini hələlik gizli saxlayır, lakin Hindistan mətbuatı təqdimatın 6 aprel tarixinə planlaşdırıldığını bildirib.
Yeddi və ya altı sərnişin üçün nəzərdə tutulmuş krossoverin əsas bazarı hindistan olacaqdır. Əslində, Alcazar Creta modelinin üç sıralı versiyasıdır: bunu dərc edilmiş tizerlər də təsdiq edir. Eskizlərdə də göründüyü kimi, uzanbazalı krossover donorundan yalnız komponent və qurğuları deyil, eksteryer dizaynının əsas cizgilərini də götürüb.
Salonda üçüncü sıranın oturacaqlarını yerləşdirmək üçün, krossoverin bazası uzadılmış, arxada isə əlavə yan şüşələr quraşdırılmışdır. Bundan başqa, krossover Creta modelinin arxa fənərlərindən fərqlənən daha böyük C-şəkilli fənərlərə sahib olub.
Digər fərq, beşinci qapıdan arxa pəncərənin üstündəki spoylerin “günlüyünə” keçirilmiş əyləc işığıdır. Krossoverin ön tərəfi tizerlərdə görünmür. Hyundai Alcazar prototipinin casus şəkillərində modelin fərqli ön bamperi və radiator barmaqlığının tərtibatını əldə edəcəyi görünür.
Salonun eskizində Hyundai krossoverin altı nəfərlik versiyası göstərilir. İkinci sırada, iki fərdi oturacaq görünür ki, üçüncü sıradakı divana keçmək üçün onlardan birini qatlamaq gərək olacaqdır. Daha əvvəl, casuslar krossoverin salonunu çəkməyə müvəffəq olublar: şəkillərdə tərtibat variantları arasında iki rəngli dəlikli eko-dəri olacağı görünür.
İlkin məlumatlara görə, ön paneldə rəqəmsal cihazlar paneli və multimedia sisteminin 10,25-düymlük sensorlu ekranı yerləşəcəkdir. Avadanlıq siyahısına avtomatik tündləşmə funksiyası olan arxa görünüş güzgüsü, panoram dam və LED gündüz işığı daxil ediləcəkdir.
Hyundai Alcazar modelinin mühərrik çeşidini Hindistan bazarında satılan Creta modelindən götürəcəkdir. Çeşidə 115 at qüvvəli 1,5-litrlik benzin mühərriki, habelə eyni həcmi və gücü olan turbodizel daxildir. Daha güclü seçim də olacaqdır - 140 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki. Mühərriklər altı pilləli mexaniki ötürmələr qutusu, yeddi pilləli "robot" və ya variatorla təchiz ediləcəkdir.
Hyundai Alcazar modelinin Hindistandakı satışları bu ilin sonuna qədər başlanacaqdır. Yeni model Tata Safari və MG Hector Plus ilə rəqabət aparacaqdır.