Hyundai şirkəti keçən həftə yeni Tucson krossoverinin eksteryer və interyerinin eskizlərini yayımlayıb. Bu gün isə, istehsalçı yeni krossoverin iki videotizerini dərc edib. Videolarda krossoverin LED gündüz işığının necə işə düşdüyü göstərilir.
Xatırladaq ki, Hyundai Tucson krossoverinin yeni nəsli 15 sentyabr tarixində Seulda təqdim ediləcəkdir. Markanın digər krossoverlərindən sonra, yeni Tucson modeli də ikimərtəbəli ön hissəyə malik olacaqdır – lakin, yeni təfsirlə.
Yeni Parametric Dynamics korporativ dizayn üslubu artıq Hyundai Grandeur və Elantra sedanlarında sınaqdan keçirilibdir. Bu dizayn üslubunun əsasə xüsusiyyətləri radiator barmaqlığı ilə vizual şəkildə birləşdirilən ön fənərlər, habelə ön qapıdakı üç xəttin kəsişdiyi dizayner "düyündür".
Yeni Hyundai Tucson modeli sələfindən daha iri olacaq, üstəlik, daha "bahalı" nisbətləri ilə seçiləcəkdir: genişlənmiş təkər bazasının, daha qısa kuzov çıxışlarının və uzun kapotun olacağı vəd edilib.
Əlavə olaraq, Hyundai şirkətindən fərqli ölkələrdə Tucson modelinin C sinifində iki təkər bazası ilə təklif ediləcəyini bildiriblər. Xatırlatmaq istərdik ki, artıq birinci nəsil Volkswagen Tiguan krossoveri Çində uzunbazalı versiyada təklif edilsə də, krossoverin ikinci nəsli bir sıra ölkələrdə həm standart, həm də uzunbazalı versiyalarda satılır.
İlkin məlumatlara görə, Hyundai Tucson krossoverinin dördüncü nəsli 183 at qüvvəli 1,6-litrlik Smartstream turbomühərriki, təkmilləşdirilmiş 2,0-litrlik turbodizel və N Line versiyası üçün nəzərdə tutulmuş 294 at qüvvəli 2,5 T-GDI turbomühərriki və 1,6-litrlik mühərrikin əsasında yaradılan hibrid qurğu ilə təchiz ediləcəkdir.