Hyundai şirkətinin Cənubi Koreya ofisi rəsmi olaraq yenilənmiş Sonata modelinin hibrid modifikasiyasını təqdim etmişdir. Hibrid sedana artıq sifarişlər də qəbul edilir. Yerli bazarda Sonata Hybrid modeli 30290000 vona (45300 manata) satılır.
Hyundai Sonata Hybrid modeli tərkibinə 2,0-litrlik GDi mühərriki və elektromotor daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Benzin mühərriki 156 at qüvvəsi hasil etdiyi halda, elektromotor qurğunu əlavə 51 at qüvvəsi ilə təmin edir. Güc qurğusu ilə tandemdə tutumu artırılmış yeni akkumulyator batareyası və altı pilləli avtomatik ötürmələr qutusu çalışır. Xatırlatmaq istərdik ki, restaylinqdən əvvəlki hibrid Hyundai Sonata da eyni güc qurğusu ilə təchiz edilirdi. Bu sxemdə edilən yeganə dəyişiklik batareyaların tutumunun artırılması faktıdır. Əvvəllər Sonata Hybrid 1,62 kilovat-saatlıq batareyalarla təchiz edilirdi. 16-düymlük disklərə təchiz edilmiş model 100 kilometrə 5.5 litr, 17-düymlük disklərə sahib olan sedan isə 5,6 litr yanacaq sərf edirdi.
Yeni hibridin təchizatına arxa görüntü kamerası, yeddi və ya səkkiz düymlük sensorlu ekranı olan multimedia sistemi və təhlükəsizlik sistemləri kompleksi daxil edilmişdir.