Mercedes-Benz şirkəti Münhendə işinə başlayan IAA avtosalonunda EQ elektrik xəttinin ən vacib nümayəndələrindən birini - E-Class modelinin elektrik analoqu olan EQE elektrokarını təqdim edib. Alman istehsalçısı Mercedes-Benz EQE modelinin Tesla Model S, Porsche Taycan, Audi e-tron GT, Lucid Air və BMW i4 modellərinin birbaşa rəqibi olduğunu bildirir.
EQE modeli bayraqdar EQS modeli ilə eyni platformanı bölüşdürməklə yanaşı, onun kiçildilmiş versiyasına bənzəyir. Buna baxmayaraq, subbrend üçün xarakterik olan ön “qara panel” və işıq texnikası orijinaldır.
Mercedes-Benz EQE modelinin qabarit uzunluğu 4990 millimetr, eni - 1960 millimetr, hündürlüyü isıə 1510 millimetrdir. Təkər bazasının genişliyi 3210 millimetr təşkil edir. Beləliklə, EQE bayraqdar EQS modelindən 22 millimetr qısadır.
Təkər bazasının genişliyinə görə də, EQE modeli flaqmandan 9 millimetr geri qalır. Buna baxmayaraq, avtomobillərin aerodinamik səmərəliliyində fərq yoxdur - hər iki modelin aerodinamik müqavimət əmsalı 0,20-yə bərabərdir.
EQE modeli standart olaraq, virtual cihazlar panelinin 12,3-düymlük və multimedia sisteminin 12,8-düymlük fərdi ekranları ilə təchiz olunur, lakin əlavə ödəniş qarşılığında “hiperekranı” da sifariş etmək olar.
Bu zaman vahid şüşə panelin altında sürücü və sərnişinin 12.3-düymlük monitorları, habelə 17,7 düymlük mərkəzi ekran yerləşəcəkdir. Opsiyalar siyahısında adaptiv pnevmoasqı, tam idarələnən şassi (10 dərəcəyə qədər dönən arxa təkərləri olan) və çoxlu sayda yardımçı sistemlər dəsti var.
İlkin olaraq, 292 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə təchiz edilmiş arxa ötürməli EQE 350 modifikasiyası işıq üzü görüb. İlk məlumatlara görə, belə modifikasiya 100 km/saat həddini 5,6 saniyəyə toplayacaq və 210 km/saata qədər sürətlənəcəkdir. Ön oxda əlavə mühərriki olan tam ötürməli versiya da olacaqdır, lakin istehsalçı onun xarakteristikalarını açıqlamayıb.
EQE 350 modelinin təchiz edildiyi batareyanın tutumu 107,8 kilovat-saatdır. Akumulyatorlar blokunun ölçüsü EQS modelindən kiçik olmaqla yanaşı, həm də daha yavaş dolur, çünki EQE modeli 170 kilovatlıq yükləməni dəstəkləyir. Beləliklə, elektrokarın 10% cərəyanı olan batareyasını 110 kilovatlıq terminalda 80 faizə qədər doldurmağa 31 dəqiqə tələb olunur. Dolu batareya WLTP dövrünə əsasən 660 kilometr məsafə qət etməyə kifayət etməlidir.
Yeni Mercedes-Benz EQE modelinin satışlarrına gələn ilin əvvəlində başlanmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.