BMW M bölməsinin «bərkgedən» üniversalları buraxmaqdan imtina etməsindən sonra, bu sahəyə nəzarəti Alpina şirkəti öz üzərinə götürüb. Keçən əsrin 60-cı illərindən alman markasının avtomobillərinin tüninqi ilə məşhurlaşmış atelye, hətta rəsmi istehsalçı statusuna da malikdir.
Dünən Frankfurtda fəaliyyətə başlamış beynəlxalq avtosalonda şirkət BMW 3 Series (G20) universalının bazasında hazırladığı yeni nəsil Alpina B3 modelini nümayiş etdirib. Bu isə o deməkdir ki, B3 modelinin birbaşa rəqibi - BMW M3 Touring, - olmayacaqdır.
Alpina B3 Touring AWD modelinin əsasını BMW M340i Touring təşkil edir. Bununla belə, Alpina mütəxəssisləri altısıilindrli B58 mühərrikinin əvəzinə köhnə N54 mühərrikini quraşdırmağa üstünlük veriblər. İki ayrı turbokompressorla təchiz edilmiş mühərrik daha qısagedişlidir və dövrələri yeyin yığır. Buna baxmayaraq, yeni avtomobil üçün mühərriki təkmilləşdiriblər.
Porşenin gedişi 89,6-dan 90 mm qədər artırılıb və bu səbəbdən də iş həcmi 2979-dan 2993 kub.sm qədər yüksəlib. Sıxma əmsalı da 10,2:1-dən 9,3:1-ə qədər azaldılıbdır. Mühərrik daha məhsuldar kompressorlara sahib olub. Nəticədə, güc aqreqatının hasilatı 462 at qüvvəsi və 700 Nm təşkil edir. Bu, əvvəlki M3 CS (460 a.q. və 600 Nm) modelində olduğundan çoxdur.
Alpina B3 Touring AWD təkmilləşdirilmiş səkkiz pilləli avtomatik qutu, ön oxda gücləndirilmiş muftası və arxa differensialın qapadılması olan tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Asqı sistemi Eibach firmasının istehsalı olan adaptiv amortizatorlar və yaylara, həmçinin qalınlığı artırılmış stabilizatorlara sahib olub. Buraxılış sistemi Sport rejimində açılan çəpərciyə malik olub ki, bu da mühərrikin hava ilə təmin edilməsini yaxşılaşdırmalıdır.
Universal standart olaraq adaptiv sükan mexanizmi ilə təchiz edilir. Alpina B3 modelinə öndə 395 mm, arxada isə, 345 mm ölçüsü olan əyləc disklərini quraşdırıb. Ön mexanizmlkər dördporşenlidir. Təəssüflər olsun ki, Alpina avtomobilin dinamik xarakteristikalarını açıqlamayıb. Yeganə məlum olan, 1865 kq çəkisi olan universalın maksimal sürət həddinin 300 km/saat olmasıdır.
Ənənəvi olaraq, Alpina avtomobilləri iri hava girişləri olan dəyişdirilmiş ön bamper və firma dizaynına malik olan 19 və ya 20-düymlük təkər diskləri ilə təchiz edir. Yeni modeldə tünerlər radiator barmaqlığını da dəyişdiriblər. Təkmilləşdirmələrin siyahısına cihazlar panelinin «adaptasiya» edilmiş qrafikası da daxildir: buradakı dəyişikliklər fonun və şriftlərin rəngindən ibarətdir. Bundan başqa, sifarişçi ötürmələr qutusunun sükanaltı dəstəkləri ilə, Alpina markasına xas olan düymələr arasında seçim edə bilər. Əlbəttə ki, əlavə ödənişlə, salonu nazik Lavalina dərisi ilə üzlətdirmək də mümkündür.
Yeni universala sifarişləri 2020-ci ilin ilk yarısından başlayaraq yerləşdirmək olar. Hələlik, Alpina universalının qiyməti açıqlanmayıb.