Bildiyimiz kimi, Audi şirkəti bu ilin sonuna kimi Audi Sport bölməsinin məhsulu olan altı yeni modeli təqdim etməlidir. Onlardan biri - Audi RS6 Avant modeli artıq debüt edib, digərinin debütü isə, bu gün Frankfurt avtosalonunda baş tutmalıdır. Qarşılayın - yeni Audi RS7 Sportback.
Əslində, Audi RS7 Sportback modelinin liftbek kuzovlu RS6 Avant modelinin olduğunu söyləsək yanılmarıq. Hər iki avtomobil nəinki eyni simaya, həmçinin eyni texniki hissəyə və avadanlıq siyahısına malikdirlər. Yeni aerodinamik kuzov dəsti sayəsində RS7 Sportback adi liftbekdən 4 sm enli alınıb.
Audi RS6 Avant modeli kimi RS7 Sportback da 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Bu əvvəlki modeldə olduğundan 40 at qüvvəsi və 100 Nm çoxdur. Yeni mühərrik 48-voltluq startyor-generator, səkkiz pilləli «avtomat» və quattro tam ötürməsi ilə tandemdə çalışır.
Yeni Audi RS7 Sportback modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. «Bərkgedən» liftbekin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 və ya 305 km/saata qədər çəkmək olar. RS7 Sportback modelinin hərəkət rejimləri komfort, avtomatik, dinamik, qənaətcil və iki tənzimlənən RS1 və RS2 rejimlərindən ibarətdir. Sürücü pedalın, sükan idarəetməsinin, asqının həssaslığını və buraxılış sisteminin səsini öz zövqünə uyğun tənzimləyə bilər.
Yeni nəsil Audi RS7 Sportback modelinin standart təchizatına 21 və 22-düymlük təkər diskləri, aktiv arxa spoyler, qırmızı supportları, öndə 440 mm, arxada isə, 420 mm diskəri olan karbon-saxsı əyləc mexanizmləri, aktiv arxa differensial, tam idarələnən şassi və idman xarakteristikalarına malik olan pnevmoasqı daxildir. Sonuncu sistem yüksək olmayan sürətlərdə kuzovu 20 mm yuxarı qaldırır, 120 km/saat həddinin üzərindəki sürətlərdə isə, klirens avtomatik olaraq 10 mm azaldılır. Əlavə ödənişlə, elektronika ilə idarələnən Dynamic Ride Control amortizatorlarını və dartma vektoruna nəzarəti həyata keçirən quattro sport differensialını sifariş etmək olar.
55 - 160 km/saat arasında hərəkət edərkən akselerator pedalını buraxdıqda avtomobil 40 saniyə müddətində söndürülmüş mühərriklə hərəkət edir. Bu sistem sayəsində hər 100 km yürüşə 0,8 litr yanacaq qənaət edilmiş olur. Məlum məsələdir ki, gərək olmadıqda silindrlərin yarısı da söndürülə bilər.