Frankfurtda keçirilən avtosalonda BMW şirkəti X5 i Hydrogen Next konseptini nümayiş etdirib. 2022-ci ildə istehsalçı hidrogen avtomobilinin kiçik seriya istehsalına başlamağı planlaşdırır. Yanacaq elementləri ilə işləyən krossoverin kütləvi istehsalına isə, 2025-ci ildə başlanacaqdır.
Bununla belə, Münhen istehsalçısı avtomobilin güc qurğusu barədə heç bir məlumat verməyib. Yeganə məlum olan, qurğunun tərkibində daxili yanma mühərrikinin olmamasıdır. Buna səsboğucu sistemin çıxış borularının yoxluğu işarə edir. Avtomobilin bəzi eksteryer elementləri avtomobilin i-xəttinə aid olduğuna işarə edirlər. Bunlara misal olaraq, mavi haşiyələri olan təkər disklərini və kuzovun Mineral White rəngini göstərmək olar.
Yanacaq elementləri ilə işləyən avtomobillərin əsas üstünlükləri böyük yürüş məsafəsi və yeyin doldurulmasıdır. Müasir elektrokarların batareyasının doldurulması üçün 30 dəqiqədən çox vaxt tələb olunursa, hidrogen avtomobilinin çənini bir neçə dəqiqəyə doldurmaq mümkündür.
Hidrogen yanacaq elementləri sahəsində alman şirkəti Toyota ilə birlikdə çalışır. Şirkətlər 2016-cı ildə müvafiq razılaşmanı da imzalayıblar. Bu növ avtomobillərin yeganə çatışmamazlığı yanacaq yükləmə stansiyalarının azlığıdır. Belə stansiyaların yaradılmasına onların baha başa gəlməsi maneçilik törədir.