Hyundai şirkəti Frankfurtda keçirilən avtosalonda yeni nəsil i10 hetçbekinin N Line “idman” versiyasını nümayiş etdirib. Əvvəllər bənzər modifikasiyaya i30 və i30 Fastback modelləri, həmçinin Tucson krossoveri sahib olublar.
Hyundai i10 N Line modeli adi hetçbekdən başqa bamperləri, orijinal dizayna malik olan 16-düymlük təkər diskləri və radiator barmaqlığının kənarında yerləşdirilmiş LED zolaqlar islə fərqlənir. Xatırladaq ki, adi Hyundai i10 modelində gündüz hərəkət işıqları yumfu formaya malikdirlər. Bundan başqa, “idman” versiyasını kandarların, hava girişlərinin və diffuzorun qırmızı rəngli haşiyəsi sayəsində ayırd etmək olar. Yeri gəlmişkən, avtomobili ikirənglu kuzovla da sifariş etmək mümkündür.
Salonda N hərfi həkk edilmiş ötürmələr qutusunun yeni selektorunu, qırmızı haşiyəli deflektorları, pedalların metal örtmələrini və yan dəstəyi gücləndirilmiş kresloları görmək olar.
Hyundai i10 N Line modeli 99 at qüvvəli 1,0-litrlik üçsilindrli T-GDi turbomühəriiki və 5-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bu aqreqat standart modelin mühərrik çeşidinə daxil deyil. Hyundai i10 modeli 67 at qüvvəli 1,0-litrlik üçsilindrli və 84 at qüvvəli 1,2-litrlik dördsilindrli mühərrik, “robot” və ya mexaniki qutu ilə təklif edilir.
Hyundai i10 N Line modelinin satışlarına gələn ilin yayında start veriləcəkdir.