Frankfurt avtosalonunun ən çox gözlənilən premyeralarından biri Land Rover Defender ofrouderinin yeni nəsli idi. Yeni model ətrafında ehtiras və ajiotajdan istifadə edən Jaguar Land Rover ittifaqı fürsəti fövtə verməyərək, bir güllə ilə iki dovşan vurmaq qərarına gəlib.
Təqdimatın şirin yerində iri displeydə növbəti nəsil Jaguar XJ sedanının bir hissəsi nümayiş etdirilib. Bunu Land Rover Defender modelinin YouTube kanalındakı birbaşa təqdimatını izləyən hər kəs görüb. Yeni nəsil Jaguar XJ sedanı MLA (Modular Longitudinal Architecture) modul platformasında inşa ediləcəkdir. Bu platforma Range Rover və Range Rover Sport modellərinin əsasını təşkil edəcəkdir. Yeri gəlmişkən, Frankfurtda debüt etmiş Land Rover Defender də bu platformada inşa edilib.
Markanın şef-dizayner Culian Tomson yeni nəsil Jaguar XJ modelinin nümayəndəlik sinifindən olan klassik sedanlardan fərqlənəcəyini bildirib. Onun sözlərinə görə, markanın hazırladığı avtomobil “Jaguar markasının sahib olduğu ən mütərəqqi texnologiyalar ilə təchiz ediləcəkdir”.
Tomson yeni modelin dizaynının “qeyri-ənənəvi” olacağını da söyləyib. O, elektrik ötürməsinə keçilməsi sayəsində avtomobilin geniş salona malik olacağını da qeyd edib.