Bu gün Frankfurtda işinə başlamış avtosalonda Land Rover şirkəti əfsanəvi Defender modelinin yeni nəslini nümayiş etdirib. Əslində, yeni ofrouderin eksteryer və interyeri bizim oxucular üçün sirr deyildir – dünən səhər dərc etdiyimiz xəbərdə avtomobilin dizaynı açıqlanmışdı.
Beləliklə, əfsanəvi ofrouderin davamçısı cari Discovery modelinin D7 paltformasının təkmilləşdirilmiş versiyası olan D7x platformasında inşa edilib. Avtomobil, konstruksiyasında alüminiumdan geniş şəkildə istifadə edilmiş aparıcı kuzova, ön ikiqollu və arxa çoxqollu asqıya malikdir. İstehsalçı şassinin elementlərinin 95 faizinin yeni olduğunu və ekstremal şəraitlərdə yeddi tona yaxın yüklənməyə qarşı davamlı olduğunu iddia edir. Pasport üzrə ofrouder 900 kq yük və 3,5 tonluq qoşqunu yedəyə götürə bilər.
Əvvəl olduğu kimi, LR Defender iki variantda - 90 və 110 indekslərinə malik olan modifikasiyalarda təklif edilir. Lakin, bu rəqəmlər avtomobilin bazasının düymlə ölçüsünü bildirmir – bu sadəcə ənənələrə göstərilən hörmətdir. Üçqapılı LR Defender 90 modelinin bazasının uzunluğu 2587 mm (102 düym), beşqapılı Defender 110 modelinin isə, 3022 mm (119 düym) təşkil edir. Yeri gəlmişkən, LR Defender 110 modelinin bazası Discovery modelində olduğundan 99 mm genişdir. Ofrouder 18-22 düymlük disklərlə təklif edilir.
Defender 90 modelinin qabarit uzunluğu 4323 mm, eni – 1996 mm, hündürlüyü isə, 1974 mm təşkil edir. Defender 110 modelinin uzunluğu 4758 mm bərabərdir. Qısabazalı versiya standart olaraq yaylı asqı ilə təchiz edilir. Opsional olaraq, ofrouderi pnevmatiq asqı ilə sifariş etmək mümkündür. Standart rejimdə avtomobilin klirensi 216 mm təşkil edir. Offroud rejimində isə, bu rəqəm 291 mm bərabərdir. Gərək olduqda asqını qısa müddətə 70 mm artıqmaq da olar. Əşyaların rahat yüklənməsi üçün kuzovu standart vəziyyətindən 50 mm aşağı salmaq olar.
Qısa kuzov çıxışları avtomobili əla yolsuzluq geometriyası ilə təmin edib. Ofrouderin giriş bucağı 38, çıxış bucağı isə, 40 dərəcədir. Defender modeli 900 mm dərinliyində çay keçidlərini qət edə bilər. Ofrouder tam ötürmə sistemi, aşağı ötürmələr cərgəsi, əlavə ödənişlə isə, arxa differensialın qapanması ilə təchiz edilir. Bundan başqa, Defender çay keçidlərini keçmək üçün Wade rejimi olan və daha dəqiq tənzimləmələri etməyə imkan verən Terrain Response 2 firma elektron sistemi ilə də təchiz olunur. Opsiyalar arasında “şəffaf kapot” sistemi də vardır.
Defender modelinin mühərrik çeşidinə Ingenium ailəsindən olan mühərriklər daxil edilib. Bunlar 2,0-litrlik dördsilindrli turbodizel ilə təchiz edilmiş D200 və D240 (indeks gücü göstərir) modelləri, 2,0-litrlik benzin “turbodördlüyü” ilə təchiz edilmiş P300, və top-variant olan 3,0-litrlik altısilindrli mühərriklə təchiz olunan P400 modifikasiyası vardır. Sonuncu aqreqat 48 voltluq startyor-generatorla təchiz olunur və onun hasilatı 400 at qüvvəsi və 550 Nm təşkil edir. Defender P400 modeli 100 km/saat həddinə 6,4 saniyəyə sürətlənir. Bütün versiyalar 8-pilləli ZF “avtomatı” ilə təchiz edilirlər. Gələn il modelin qoşulan hibrid (PHEV) variantı da təqdim edilməlidir.
Yeni Defender’in interyeri sələfində olduğu kimi spartan ruhunda deyil. Avtomatik qutunun coystiki mərkəzi konsolun ucunda yerləşdirilib ki, bu da öndə qatlanan orta hissəsi olan üçyerli divanı quraşdırmağa imkan verir. Yeri gəlmişkən, qısabazalı versiya üçün bu quruluş standartdır. İkinci cərgənin oturacaqları 40:20:40 nisbətində bölünür. Beşqapılı variant üçün isə, üçüncü cərgəni də sifariş etmək olar. Defender 90 modeli 6-yerli, Defender 110 isə, 5-8 yerli ola bilər. 90 indeksli modelin baqaj həcmi 397 (1563) litr təşkil edir. Uzunbazalı versiyanın baqaj həcmi isə, oturacaq quruluşundan asılı olaraq, 231 və 646 (2380) litr ola bilər. Bundan başqa, damı parça ilə örtülən bölmə ilə sifariş etmək olar ki, bu da ikinci cərgənin sərnişinlərinə ayaq üstə durmağa imkan verəcəkdir.
Alıcılar təklif edilən altı təchizat səviyyəsində birini seçə bilərlər. Defenderin baza variantının təchizatına LED fənərlər, ikizonalı klimat-kontrol, alın şüşəsinin elektriklə qızdırılması, dairəvi görüntü kamerası və 10-düymlük ekranı olan Pivi Pro multimedia sistemi daxildir. Əlbəttə ki, müştərilərə geniş dəst və opsiya çeşidlərindən seçim etmək imkanı da verilir. Firma aksessualarının sayı 170-ə yaxındır.
Yeni Defender modeli Jaguar Land Rover ittifaqının Slovakiyadakı zavodunda istehsal ediləcəkdir. Ofrouderin satış qiyməti Britaniyada 40 min funt-sterlinqdən başlayacaqdır.