Mercedes-Benz şirkəti Münhendə keçirilən IAA Mobility sərgisində Professional Line tərtibatına sahib olan G-Class ofrouderini nümayiş etdirib. “Peşəkar” tərtibata malik olan ofrouderə sifarişlər artıq qəbul olunsa da, istehsalçının saytında yeni versiya barədə heç bir məlumat yoxdur. Müvafiq olaraq, avtomobilin qiyməti də hələlik açıqlanmayıb.

Beləliklə, Mercedes-Benz G-Class Professional Line modeli enli şinlər taxılmış 18-düymlük beşqollu təkər diskləri ilə təchiz olunub. “Peşəkar” “Gelendvagen” adi modeldən rezin palçıqlıqlar və ön fənərləri örtən metal torlar ilə fərqlənir. Bütün bunlar Professional Line xəttindən olan ofrouderin standart təchizatına daxildir, lakin bir sıra opsiyalar da nəzərdə tutulub. Onların arasında kuzovun mis-narıncı rəngi də var.

Əlavə ödəniş qarşılığında “Geliki” çadır quraşdırmaq üçün ideal olan dam baqajı, ehtiyat təkərinin boru tutqacı və qara bamperləri də quraşdırmaq olar. Bundan başqa, tərkibinə qara rəngə boyanmış güzgü gövdələri və radiator barmaqlığındakı eyni rəngli loqotip daxil olan Night Package dəsti də əlçatandır.

Bundan başqa, Mercedes-Benz şirkəti bütün G-Class modelləri üçün tündləşdirilmiş arxa şüşəni və interyerin yeni rəng tərtibatlarını təklif edir. Arxa sərnişinlər üçün nəzərdə tutulmuş displeylər və yedək dəsti də, artıq ofrouderin standart təchizatına daxil edilib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.