Volkswagen şirkəti Münhendə keçirilən avtosalonda şəhər elektrik krossoverinin prototipini təqdim edib. ID.Life adlanan şəhər avtomobilinin ilk versiyası 234 at qüvvəli elektrik mühərriki, batareyanın yeyin doldurması funksiyası və bir sıra qabaqcıl həlləri ilə seçilir. Yeni elektromobilin istehsalına 2025-ci ildən öncə başlanmayacaqdır. Yeni sitikarın qiyməti ən azı 20 min avro olacaqdır.

Volkswagen ID.Life modelinin əsasını MEB modul platformasının qısaldılmış versiyası təşkil edir. Ən başlıcası isə, ilk dəfə olaraq, bu platformada ön ötürməli quruluşdan istifadə olunub. Elektrik krossoveri ölçülərinə görə Volkswagen Golf modelindən kiçikdir. Onun uzunluğu 4091 millimetrə, eni - 1845 millimetrə, hündürlüyü -1599 millimetrə, oxları arasındakı məsafə isə, 2650 millimetrə çatır. Təvazökar ölçüsünə baxmayaraq, şirkət konseptin “ofroud xarakterli şəhər avtomobili” olaraq səciyyələndirir. Buna görə də, yeni model 190 millimetrlik klirensə və müvafiq olaraq, 26 və 37 dərəcəlik giriş və çıxış bucaqlarına sahib olub.

ID.Life modelinin interyeri minimalizm üslubundadır. Krossoverin salonunda qeyri-adi sükan çarxının mərkəzində yerləşdirilmiş yeganə sensorlu panel var. Ön paneldə, oyun konsollarından başlamış müxtəlif media cihazlarının qoşula biləcəyi çıxan proyeksiya ekranı gizlidir. Başqa bir qeyri-adi həll - smartfonları simsiz doldurmaq üçün istifadə edilən qapı kartlarıdır. Mühəndislər elektromobilinin cərəyan yükləmə kabelini ön baqaja yerləşdiriblər. Gələcək krossoverdə ənənəvi arxa görüntü güzgüləri nəzərdə tutulmayıb: onların yerini avtomobilin aerodinamikasını yaxşılaşdıran kameralar alıb.

Şəhər avtomobili 234 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərriki və 57 kilovat-saatlıq batareya ilə təchiz edilib. Volkswagen ID.Life modeli ilk “yüzlüyü” 6,9 saniyəyə toplayır və 180 km/saata qədər sürətlənir. Elektrokrossover dolu batareya ilə 400 kilometrə qədər məsafə qət edir. Eyni zamanda, sürətli cərəyan yükləmə funksiyasının köməyi ilə, 160 kilometrlik yürüş ehtiyatını 10 dəqiqə ərzində bərpa etmək mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ID. Life krossoverinin satışları 2025-ci ilə planlaşdırılır. O vaxta qədər, konseptdə nümayiş etdirilən həllərin əksər hissəsi konveyerə gedib çatmaya bilər. Sitikarın baza versiyası 20 min avroya, top versiyası isə, 25 min avroya başa gələcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.