Volkswagen ID. Polo, Volkswagen ID. Cross və Skoda Epiq gələn il konveyerə çıxmağa hazırlaşırlar, lakin MEB+ platformasında inşa edilmiş ucuz elektromobillər ailəsinin ilk seriya modeli tamamilə fərqli bir avtomobil olacaq. Volkswagen konserni bu ailənin pioneri rolunu yığcam Cupra Raval hetçbekinə verib. O, 2026-cı ilin əvvəlində seriyaya getməlidir. Bununla belə, ispanlar Münxendə keçirilən IAA sərgisində yalnız rəngbərəng kamuflyajda olan seriyaöncəsi avtomobil nümayiş etdiriblər.

Bu model çoxdan planlaşdırılırıb: Cupra UrbanRebel adlanan ilk üçqapılı konsept 2021-ci ildə, eyni adlı ikinci konsept (artıq beşqapılı kuzovla) isə, 2022-ci ildə nümayiş etdirilib. Barselonanın tarixi rayonlarından birinin şərəfinə seçilmiş Raval adı isə, 2022-ci ildə təsdiq edilib. İndi Cupra Raval hetçbekinin hazırlanması prosesi finiş xəttindədir.
Cupra Raval ölçülərə görə, tipik Avropa üçün nəzərdə tutulmuş B sinifli avtomobilidir: onun uzunluğu 4046, eni - 1784, hündürlüyü isə, 1518 millimetrdir. Lakin təkər bazası bu seqmentin standartlarına görə heç də kiçik deyil: 2600 millimetr.

Raval standart olaraq ön ötürməli MEB+ platformasının ən sürücüyönümlü versiyasına əsaslanacaq: hündürlüyü 15 millimetr azaldılmış klirensi olan idman şassisi (eyni platformada inşa edilmiş digər modellər ilə müqayisədə), reykanın artan sərtliyi olan sükan mexanizmi, ayrıca Sport rejimi olan sabitləşdirmə sistemi. Seçmək üçün iki dartma batareyası təklif ediləcək.
Top versiyanın xüsusiyyətləri ayrıca göstərilib: 226 at qüvvəli elektrik mühərriki, elektron idarə olunan differensial kilid, adaptiv DCC amortizatorları, 19 düymlük təkər disklər, 235 millimetr enində şinlər və idman kresloları. Bununla belə, seriyaöncəsi hetçbekin interyer təsvirləri dərc olunmayıb: Münxendə Cupra Raval hetçbeki qaraldılmış şüşələrlə nümayiş etdirilib.
Cupra Raval hetçbeki eyni platformanı paylaşdığı Volkswagen ID. Polo modeli ilə birlikdə İspaniyanın Martorell şəhərindəki Seat zavodunda buraxılacaq. Seriya hetçbekinin debütünün 2026-cı ilin martında baş tutacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.