Bring a Trailer hərrac evi 1989-cu ilin ağ rəngli Lamborghini Countach superkarını satışa çıxarıb. İdeal vəziyyətdə olan superkar final 25th Anniversary yubiley seriyasındandır. Countach modelinin ilk sahibi Yaxın Şərqdən olub. Sonra onu Kanada sakini alıb, 2015-ci ildə isə superkar ABŞ-a aparılıb. Geniş “yaşayış” coğrafiyasına baxmayaraq, superkar otuz il ərzində cəmi 11 500 kilometr məsafə qət edib. Üstəlik, superkar ideal vəziyyətdədir.
Hərraca çıxarılan Countach superkarının final 25th Anniversary yubiley seriyasından olması da onun qiymətinə təsir göstərir. Yubiley seriyasından olan superkar xüsusi kuzov dəsti, yaxşılaşdırılmış aerodinamikası və mühərrikin daha effektiv soyutma sistemi ilə seçilir.
Lamborghini Countach modeli 455 at qüvvəli 5,2-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddini 4,5 saniyəyə toplayır və 295 km/saat həddinə qədər sürətlənir.
Istehsalına 1990-cu ildə son verilmiş Lamborghini Countach 25th Anniversary yubiley superkarı üçün hərracın gedişində 650 min dollar təklif edilib. Hərrac davam edir və çox güman ki, bu superkar üçün təklif edilən son məbləğ deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.