Ford 2027-ci ildə dözümlülük yarışlarının ən yüksək səviyyəsinə qayıtmağa hazırlaşır. Amerikan markası FIA Dünya Dözümlülük Çempionatında (WEC) və “Le Manın 24 saatı” marafonunda iştirak edəcək yeni Hypercar modelini — Ford GT41-i təqdim edib. Avtomobilin əsas məqsədi sadəcə yarışlara qayıtmaq deyil, Le Manda ümumi qələbə uğrunda mübarizə aparmaqdır.

GT41-in təqdimatı Detroytda, Ford Field stadionunda Detroit Lions və Chicago Bears komandalarının Şükran Günü futbol matçı zamanı baş tutub. Yeni avtomobil Ford-un motorsport tarixində xüsusi yer tutan GT40 modelinin irsini davam etdirir. GT40 1966–1969-cu illərdə Le-Manda ardıcıl dörd ümumi qələbə qazanmışdı. GT41-in debütü isə Ford-un 1966-cı ildə Le Manda ilk üç yeri tutmasının 60 illiyinə təsadüf edir.

Modelin adı da tarixi sələfinə işarə edir. GT40-da olduğu kimi, rəqəm avtomobilin ölçüsünə əsaslanır: GT41-in yerdən dam üzərindəki hava girişinin yuxarı hissəsinə qədər hündürlüyü 41 düym, yəni təxminən 1,04 metrdir. Bu detal avtomobilin texniki quruluşu ilə yanaşı, Ford-un dözümlülük yarışlarındakı keçmişi və gələcək hədəfləri arasında simvolik əlaqə yaradır.

GT41-in güc qurğusu 5,4-litrlik, atmosfer tipli V8 mühərrikindən ibarətdir. Coyote mühərrik ailəsi əsasında hazırlanmış aqreqat hibrid sistemlə birləşdirilib. Güc qurğusunun hazırlanmasına Ford Racing özü rəhbərlik edib. Şirkət mühərrik və hibrid texnologiyaların inkişafında Formula 1-də Red Bull Ford Powertrains ilə əməkdaşlıqdan, eləcə də Dakar Rallisindəki yarış proqramlarından əldə etdiyi təcrübədən istifadə edib.

Ford GT41-in texniki göstəriciləri hələ tam açıqlanmayıb. Bununla belə, layihə yalnız yarış avtomobilinin yaradılması ilə məhdudlaşmır. Ford Racing yeni Hypercar proqramını şirkətin digər motorsport və seriya avtomobilləri üçün texnologiya, proqram təminatı, hibrid sistemlər və istehsal prosesləri sahəsində təcrübə mübadiləsi platforması kimi də nəzərdən keçirir.

Avtomobilin təqdim olunan mavi rəngli dizaynı Ford Racing-in “America’s Race Team” — “Amerikanın yarış komandası” kimliyini vurğulayır. Müxtəlif mavi çalarlarla işlənmiş kuzovda ABŞ bayrağı, ağbaş qartal və Detroit şəhərinin “The Spirit of Detroit” heykəli kimi gizli detallara yer verilib. GT41 sınaqlar zamanı aerodinamik yenilikləri gizlətmək üçün istifadə olunan kamuflyajla örtülüb. Yekun yarış livreyası isə 2027-ci il WEC mövsümünün Qətərdəki ilk mərhələsindən əvvəl təqdim olunacaq.

Ford GT41 artıq Avropada geniş sınaq proqramından keçib. Komanda avtomobilin performansını və etibarlılığını təkmilləşdirmək üçün sınaqlardan əldə olunan məlumatları təhlil edir. 2026-cı ilin dekabrı və 2027-ci ilin yanvarında ABŞ-da əlavə testlər keçiriləcək.

Ford GT41-in sükanı arxasında Loqan Sərcent, Tom Blomqvist, Mett Kempbell, Sebastyan Prio, Mayk Rokenfeller və Nik Yelloli əyləşəcəklər. Tom Dillmann isə 2027-ci il üçün ehtiyat pilot kimi təsdiqlənib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Racing 2027-ci ildə WEC-in doqquz mərhələsində iştirak edəcək. Mövsüm mart ayında Qətərdə başlayacaq, daha sonra Imola, Silverstone və Spa-Francorchamps traslarında davam edəcək. İyun ayında Le-Manda 24 saatlıq yarışı keçiriləcək, mövsümün ikinci yarısında isə komanda San-Paulu, Texasdakı Circuit of The Americas, Fuji və Bəhreynə səfər edəcək.

GT41-in qarşısında asan vəzifə dayanmayıb. Hypercar sinfində Ferrari, Toyota, BMW, Cadillac, Aston Martin, Genesis və 2027-ci ildə debüt edəcək McLaren kimi güclü rəqiblər mübarizə aparır. Bununla belə, Ford-un hədəfi aydındır: GT40-ın əfsanəvi uğurlarını xatırlatmaqla kifayətlənməyərək, yeni dövrdə Le-Manda yenidən ümumi qələbə qazanmaq.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.