Cənubi Amerika qitəsində keçirilən “Dakar” ralli-reydi başa çatıb. Avtomobillər kateqoriyasında qələbəni Naser Əl-Əttiyə bayram edib. Ralli-reyddə üçüncü qələbəsini qazanmış Əl-Əttiyə, Toyota markasına da bu yarışlardakı ilk qələbəsini bəxş edib. Yük avtomobilləri birinciliyində qələbəni “KAMAZ-Master” komandasının Eduard Nikolayevin başçılıq etdiyi heyəti qazanıb.
Artıq qeyd etdiyimiz kimi, bu qələbə Naser Əl-Əttiyənin “Dakar” ralli-reydindəki üçüncü qələbəsidir. Buna qədər Naser ilk qələbəsini 2011-ci ildə Volkswagen, ikinci qələbəsini isə, 2014-cü ildə Mini avtomobilini ilə qazanıb. Avtomobillər kateqoriyasında ikinci yeri liderdən 47 dəqiqə geri qalmış Nani Roma (Mini), üçüncü yeri isə, liderə iki saat uduzan Sebastyen Lyöb (Peugeot) tutub.
Motosikletçilər arasında KTM motosiklində çıxış edən Tobi Prays birinci olub. Onu komanda yoldaşı Mattias Valkner və Pablo Kintanilya təqib edib.
Yük avtomobilləri kateqoriyasında ikinci yer də KAMAZ komandasına qismət olub. Dmitri Sotnikovun başçılıq etdiyi heyət Nikolayevdən 25 dəqiqə 36 saniyə aralıqla finiş görüb. Üçüncü yerdə yarışı bitirən heyət Jirar de Royun başçılıq etdiyi Iveco komandasının heyəti olub. De Roy liderdən 1 saat 34 dəqiqə sonra finiş xəttini keçib.