Hazırda Çinin Geely konserninə məxsus olan London Taxi Company (hazırda LEVC adlanır) şirkəti yeni nəsil LEVC TX kebinin xüsusi versiysını təqdim edib. Xüsusi keblər kraliça II Yelizavetanın Böyük Britaniya taxtına çıxmasının 70 illik yubileyinə həsr ediliblər. Birləşmiş Krallıq üçün böyük əhəmiyyət daşıyan hadisənin şərəfinə keçirilmiş təntənəli tədbirdə fəxri qonaqları üç belə keb daşıyıb. Teatrlaşdırılmış tədbir dünən Londonda keçirilib.
Kraliça II Yelizaveta Böyük Britaniya tarixində 70 il taxtda oturan ilk monarx olub - 1953-cü il iyunun 2-də tacqoyma mərasimi keçirilmiş kraliçanın taxtdakı platin ildönümü rəsmi olaraq bu ilin 6 fevral tarixində qeyd edilib. Lakin artıq yuxarıda qeyd etdiyimiz kimi, təntənəli tədbir dünən keçirilib.
Bu hadisənin şərəfinə Britaniya şirkətləri öz “hədiyyələrini” hazırlayıblar. Belə “hədiyyələrdən” biri də adı çəkilən keblər olub - onlardan tədbirə təşrif buyuran VIP qonaqların transferi üçün istifadə olunub. Üç nüsxədə buraxılmış keblər xromu xatırladan boya ilə örtülmüş kuzova sahib olublar ki, bu da kraliçnın 70 illik hökmranlığına ithaf olunub. Başqa yeniliklər nəzərdə tutulmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.