Birləşmiş Ştatların Yol Təhlükəsizliyinin Sığortası İnstitutu (IIHS) avtomobillərdə quraşdırılmış elektron yardımçılarının istifadəsi üzrə tövsiyyələrini dərc edib. Amerikalı mütəxəssislərin fikrincə, bu tövsiyyələr sürücülərin daha dərrakəli davranmasını təmin etməlidir.
İnstitutun mütəxəssisləri, insanların aktiv təhlükəsizlik sistemlərinə həddən ziyadə etibar edərək, idarəetmənin itirilməsinə və yol qəzalarının baş verməsinə səbəb olduqlarını hesab edirlər. Mütəxəssislərin fikrincə, bütün elektron sistemlər birgə nəzarət prinsipinə əsaslanmalı və istənilən halda sürücünün qeyd-şərtsiz üstünlüyünü nəzərə almalıdır. Bundan başqa, onlar elektron yardımçıların quraşdırılmış məhdudiyyətlərə malik olmasını vacib sayırlar. Məsələn, elektron yardımçının istifadəsi təhlükə yaradarsa, onun tətbiqinin qarşısı alınmalıdır.
IIHS prezidenti Dəvid Harkinin sözlərinə görə, aktiv təhlükəsizlik sistemləri elə qurulmalıdır ki, sürücülər idarəetmədə fəal şəkildə iştirak edə bilsinlər. Bundan başqa o, sürücülərin əvvəlcə elektron köməkçilərinin yardımına layiq olduqlarını sübut etmələrini istəyir. Məsələn, sürücünün avtomobili etibarlı şəkildə idarə etməyirsə, o əvvəlcə bacarıqlarını artırmalıdır. Əgər sürücü diqqətli və ehtiyatlı davranarsa, elektron yardımçılardan tam şəkildə istifadə edə biləcəkdir.
Müdrik atalarımız yaxşı deyib – “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. İnstitut rəhbərinin tövsiyyələrini həyata keçirmək üçün, ilk növbədə, avtomobillərin sürücünün bacarıqlarını qiymətləndirmək imkanına malik olması gərəkdir. Xatırladaq ki, hazırda heç bir istehsalçı belə istedada malik olan avtomobili təklif etmir. Lakin, cənab Harkinin bir fikri ilə razılaşmaya bilmərik - sürücülər öz bilik və bacarıqları üzərində daim işləməlidirlər.