Audi şirkəti rəsmi olaraq A5/S5 Sportback modelinin yeni nəslini təqdim etmişdir. İkinci nəsildən olan modellər yaxın vaxtlarda keçiriləcək Beynəlxalq Paris avtomobil sərgisində debüt edəcəkdirlər. Audi A5 Sportback və Audi S5 Sportback modelləri yeni A5 kupesində əksini tapmış yeni dizayn üslubunda hazırlanmış daha müasir və gözəgəlimli eksteryer və interyerə malikdirlər. Yeni modellər qısa kuzov çıxıntılarını, uzadılmış təkər bazasını, cazibədar kuzov xəttlərini, hündürlüyü azaldılmış və eni artırılmış radiator barmaqlığını, işıqdiodlarından hazırlanmış işıq texnikasını və iri təkər disklərini əldə etmişdir.
kinci nəsil A5/S5 Sportback modelləri MLB Evo modul platformasında yığılmışıdr. Sələfinə nisbətən yeni avtomobil 85 kiloqram daha yüngüldür və 1470 kiloqram təchiz edilmiş çəkiyə malikdir. Beləliklə, Audi S5 Sportback modelinin öz seqmentində olan avtomobillər arasında ən yüngülü olduğunu söyləmək olar. A5/S5 Sportback modelinin qabarit uzunluğu 4752 millimetr, eni – 1843 millimetr, hündürlüyü isə 1384 millimetrdir. Təkər bazasının uzunluğu 2825 millimetrə bərabərdir.
İkinci nəsil A5/S5 Sportback modelinin interyerinin dizaynı yeni A4 modelinin interyeri ilə bənzərlik daşısa da, eyni zamanda sonuncuya nisbətən daha çox məkan təklif edir. Alman mütəxəssislərin iddiasına görə, yeni modelin salonu əvvəlkinə nisbətən 17 millimetr artmışdır. Sürücü və ön sərnişinin çiyin hissəsindəki məsafə isə 11 millimetr artırılmışdır. Bundan başqa, arxa sərnişinlərin ayaq hissəsindəki məkan 24 millimetr genişlənmişdir.
Yeni Audi A5/S5 Sportback modeli 12,3-düymülük Audi Virtual Cockpit rəqəmsal cihazlar paneli və 8,3-millimetrlik sensorlu ekranı olan təkmilləşdirilmiş multimedia sistemini əldə etmişdir. Texniki cəhətdən yeni model A4 və A5 Coupe modelləri üçün təklif edilən gücü 190 – 286 at qüvvəsi arasında dəyişən iki benzin (TFSİ) və üç dizel (TDİ) mühərrikləri ilə təchiz ediləcəkdir. Mühərriklər 6-pilləli mexaniki, 7-pilləli S Tronic “robotu” və 8-pilləli Tiptronic avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilərlər. Əlbəttə ki, məşhur quattro tam çəkiş sistemini də unutmaq lazım deyildir. Audi S5 Sportback modeli 354 at qüvvəsinə malik olan 3,0-litrlik V6 turbomühərriki ilə təchiz ediləcəkdir. Bu əvvəlki modeldə olduğundan 21 at qüvvəsi daha çoxdur. Audi S5 Sportback modeli 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Bundan əlavə, A5 Sportback modelinin g-tron variantı da təklif ediləcəkdir. 170 at qüvvəli 2,0-litrlik TFSİ mühərriki həm benizn, həm də təbii qazla işləyə bilir.
Yeni avtomobillər 2017-ci ilin əvvəlində dilerlərin salonlarında satışa çıxarılmalıdırlar. A5 Sportback modelinin Almaniyadakı minimum qiyməti 37800 avro təşkil edəcəkdir. “Qaynar” S5 Sportback modeli üçün isə ən azı 62500 avro ödəmək gərəkdir.