Noyabrın sonunda şəkillərdə göstərilən ikinci nəsil Genesis G90 sedanı üzərindəki sirr pərdəsi tamamilə götürülüb. İstehsalçı flaqman modelini "Athletic Elegance firma fəlsəfəsinin ən zərif təfsiri" adlandırır və bu fəlsəfənin hər bir elementinin inkişafa məruz qaldığını bildirir. Məsələn, Crest Grille barmaqlığı yenidir.
İri mikrolinzalar texnologiyasına malik olan fənərlər parlaqlıq baxımından proyeksiya tipli işıq texnikasından heç də geri qalmır, yalnız nəzərəçarpacaq dərəcədə incədir. Kapot və qanadlar birləşmələrin sayının azaldılması üçün vahid element şəklində birləşdiriliblər. Sedanın salonu Cənubi Koreyanın ənənəvi sanqam inkrustasiya texnikasına əsasən hazırlanmış dekorativ əlavələr sayəsində simasını dəyişib.
Genesis, ikinci nəsil G90 modelinin bir çox sahədə Concept X prototipini təkrarlayan və Athletic Elegance dizayn dilinin yenidən nəzərdən keçirildiyi xarici görünüşünü artıq təsvir edib. Buradakı Crest Grille barmaqlığı iki G-Matrix naxışının üst-üstə düşməsi sayəsində həcmli olub.
Hər birində yaxın işıqlar üçün 200 mikrolinza olan Two-Line fənərləri indi Genesis model xəttindəki ən incə fənərlərdir. Pəncərə xətti əvvəlki kimi “parabolik” (Parabolic Line) hesab olunur, kapot və qanadlar isə birləşmələrin sayını azaldan vahid element şəklindədirlər.
Sedanın digər xüsusiyyətləri arasında gilyoş naxışı olan daha nazik emblem (80% "arıqlayıb"), arxa dayaqlar ilə harmoniya təşkil edən yan şüşələrin xrom haşiyələri və bütov arxa optika var. Bütün funksional elementlər - parkinq vericiləri, nömrə nişanı üçün meydança və arxa hərəkət işıqları “görünüşün saflığını” pozmamaq üçün aşağıya köçürülüblər. Kuzovun 12 boyası, salonun isə beş rəng birləşməsi var.
G90 modelinin interyer tərtibatında şüşə, alüminium və dəridən istifadə edilir. Ağacdan dekor təkrar emal olunmuş kağızdan istifadə etməklə hazırlanır – onların istehsal prosesi ətraf mühitə mənfi təsirləri azaldır. Digər bir yenilik isə sanqam texnikası ilə hazırlanmış inkrustasiyalardır. Bu ənənəvi Koreya sənətkarlıq texnikası Two-Line cizgisini və G-Matrix naxışlarını metal, göyrüş ağacı və presslənmiş karbon lifindən hazırlanmış dekorativ səthlərdə tətbiq etməyə imkan verib.
Yeni Genesis G90 sedanının ön panelində Integrated Cockpit (ccIC) kompleksi – cihazlar panelini və mediasistemin ekranını birləşdirən panoram displey quraşdırılıb. Transmissiyanın və multimedia sisteminin mərkəzi konsoldakı şaybaları vizual və toxunma hissi baxımından fərqlənirlər, üstəlik arxa pillə qoşulduqda ötürmələr qutusunun selektoru titrəməyə başlayır.
Şüşə dam iki müstəqil idarə olunan seqmentə bölünür. Əlavə olaraq, saxlanc yerlərinə xüsusi diqqət yetirilib. Məsələn, arxa dayaq zonasında kitab və jurnallar üçün xüsusi qutu var.
Bundan başqa, G90 modeli irəli çıxan qapı tutacaqlarına, qapı bağlayıcılarına (EasyClose sisteminin aktivləşdirmə düymələri mərkəzi konsolda, ikinci sıranın dirsəkaltılarda və qapılarda yerləşirlər), buluddan şəxsi profil yükləyə bilən barmaq izi skanerinə və rəqəmsal açarın smartfonda dəstəklənməsi funksiyasına malikdir. Elektron köməkçilərin düzgün işləməsi üçün, ilk dəfə olaraq sükan çarxına tutma sensorları inteqrasiya edilib.
Oturacaqlar avtomobilə minərkən və düşərkən yan dəstəkləri boşalda, həmçinin onları Sport rejimində və ya 130 km/saatdan yuxarı sürətlərdə avtomatik olaraq doldura bilirlər.
Bundan əlavə, G90 modelindəki bütün kreslolar masaj funksiyası ilə təchiz ediliblər. Sürücünün oturacağına bort sistemlərinin siqnalları üçün ayrıca dinamik quraşdırılmışdır ki, bu siqnallar da sürücüdən başqa heç kim tərəfindən eşidilməyəcəklər. İkinci cərgənin sağ oturacağı VİP sərnişin üçün ayrılıb, isitmə, havalandırma, habelə ayaq və pəncələr üçün dayaqla təchiz olunub.
Arxa konsoldakı displey vasitəsi ilə klimat-kontrolu, interyer işıqlandırmasını və günəşdən müdafiə pərdələrini idarə etmək olar. 10,2-düymlük iki ekran elektrik ötürməsilə idarə olunur və müvafiq oturacağın mövqeyinə uyğun olaraq meyl bucağını dəyişir.
Bundan əlavə, G90 antibakterial salon filtri ilə təchiz olunub. Arxa oturacaqların arasındakı qutuda sterilizasiya üçün ultrabənövşəyi lampaları quraşdırılıb, bəzi səthlər isə, zərərli bakteriya və mikroorqanizmlərin böyüməsinə maneə törədən, gümüş və sink ionları ilə zənginləşdirilmiş seolitlə örtülür. Sedan üçün interyerin aromatizasiyası, həcmli səsləndirməsi olan Bang & Olufsen səs sistemi və bütün hissləri stimullaşdıran dörd "əhvaldan” birini seçməyə imkan verən Mood Curator qurğusu bəyan edilib.
Genesis G90 sedanı bazara iki versiyada çıxacaqdır: standart və uzadılmış LWB. Adi sedan 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5 T-GDi turbomühərriki və səkkiz diapazonlu “avtomat” ilə təklif edilir. Uzunbazalı G90 LWB modelində də eyni mühərrikin 48 voltluq e-S/C elektrik kompressoru ilə tamamlanmış versiyası quraşdırılır. Belə mühərriki hasilatı hələlik açıqlanmayıb.
Amortizatorları tənzimləmək üçün ön kamera və naviqasiya məlumatlarından istifadə edən Preview-ECS proqnozlaşdırıcı asqı hər iki versiyada da var, lakin G90 LWB modelində o,klirensi avtomatik tənzimlənməsi olan çox kameralı pnevmatik asqı və “dönən” arxa təkərlər ilə tamamlanır. Ötürmə növünü yalnız adi sedan (arxa və ya tam ötürməli) üçün seçmək bilər, uzunbazalı sedan isə ancaq tam ötürmə ilə təchiz olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.